Bakı, 27 sentyabr, AZƏRTAC
44 günlük Vətən müharibəsinin başlanmasından iki il ötür. Məhz tarixin bu günündən etibarən Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən və qətiyyətli rəhbərliyi sayəsində rəşadətli Silahlı Qüvvələrimiz qısa müddət ərzində əzəli torpaqlarımızı düşmən işğalından azad etdi və doğma Qarabağı əsil sahiblərinə – xalqımıza geri qaytardı.
Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov söyləyib.
O deyib: “Bu gün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq qeyd etdiyimiz Anım Günündə qəhrəman Vətən övladlarını sonsuz minnətdarlıq və böyük qürur hissi ilə anır, onların qarşısında baş əyirik. Hazırda müstəqil, ərazi bütövlüyü təmin olunmuş ölkədə yaşadığımız üçün canını Vətən yolunda qurban verən igid əsgər və zabitlərimizə borcluyuq. Onlar misilsiz şücaət göstərərək, sözün əsl mənasında, qəhrəmanlıq salnaməsini yazdılar, ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanın etibarlı, firavan və parlaq gələcəyinin təmin olunmasında böyük pay sahibi oldular.
Otuz il müddətində ermənilərin işğal altında saxladıqları əzəli torpaqlarımızda yaşayış məntəqələrimizə, təbii sərvətlərimizə, tarixi, dini və mədəni abidələrimizə qarşı törədilən vəhşilik və vandalizm aktlarının ifşası bir daha təsdiq etdi ki, Qarabağ Zəfəri nəinki Azərbaycanı, həmçinin bölgəni və dünyanı böyük bir təhlükədən və bəladan xilas etdi. İnanırıq ki, bu gün şəhdilərimizin ruhu şaddır. Azad olunan doğma yurdlarımızda postmüharibə dövründə sürətli və irimiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, eləcə də Böyük Qayıdışa start verilməsi hər birimizi çox fərəhləndirir və qürurlandırır. Bu sonsuz fəxarət və sevinc hisslərini xalqımıza bəxş edən şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik”.