Вы сейчас просматриваете Şahin Bayramov: Ölkəmizdə energetika sənayesinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır (AZƏRTAC, 20.10.2022)

Şahin Bayramov: Ölkəmizdə energetika sənayesinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır (AZƏRTAC, 20.10.2022)

  • Рубрика записиMDU xəbərləri

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-si hər il Azərbaycanda Energetiklər Günü kimi qeyd olunur. Dövlət başçısının 2004-cü il tarixli müvafiq Sərəncamı ilə ölkəmizdə energetiklərin peşə bayramının təsis edilməsi bu sahədə çalışan insanların fədakar əməyinə verilən böyük dəyərin ifadəsidir.

 

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov bildirib.

 

O deyib: “Danılmaz həqiqətdir ki, ölkəmizdə energetika sənayesinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində Ulu Öndərin energetikanın inkişafına verdiyi töhfələr misilsizdir. 41 il bundan əvvəl dahi şəxsiyyətin uzaqgörənliyi, təşəbbüsü və rəhbərliyi sayəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji blokunun istifadəyə verilməsi ilə respublikamızın energetika tarixində yeni mərhələnin əsası qoyulmuşdur. Əgər vaxtilə “Azərbaycan” İES tikilməsəydi, müstəqillik dövründə respublikamız enerji təchizatında çox ciddi problemlərlə üzləşə bilərdi”.

 

Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti nəticəsində respublikamızın enerji sistemi müasir tələblər səviyyəsində yenidən qurulmuş və enerji təhlükəsizliyi tam təmin edilmişdir. Tarixi Zəfərin qazanılması ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının müvafiq tapşırıqları əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” zonalarına çevrilməsi istiqamətində atılan mühüm addımlar məhz ölkəmizin energetika potensialının gücləndirilməsinə və davamlı inkişafına hədəflənmişdir.

 

Rektor bildirib ki, bu gün Azərbaycan energetikləri yüksək əzmkarlıq və peşəkarlıqları ilə işğaldan azad edilmiş bütün rayonların sürətlə dirçəldilməsi, dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi sahəsində aparılan genişmiqyaslı işlərə əhəmiyyətli töhfələr verirlər.

 

“Təmsil etdiyim Mingəçevir Dövlət Universiteti energetika sahəsi üçün mühəndis kadr hazırlığını həyata keçirən regionda yerləşən yeganə ali təhsil müəssisəsidir. Universitet enerji sektorunda fəaliyyət göstərən tərəfdaşları ilə qarşılıqlı faydalı işbirliyi əsasında energetika təhsilinin müasir dövrün tələblərinə uyğun keyfiyyətinin davamlı olaraq yüksəldilməsinə xüsusi önəm verir. Energetika sahəsində çalışanları peşə bayramları münasibətilə təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıram”, – deyə Ş.Bayramov vurğulayıb.