Mingəçevir Dövlət Universitetində “Şəhidlər ölməz…” layihəsinin təqdimat mərasimi keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində “Şəhidlər ölməz…” adlı layihə çərçivəsində hazırlanmış sənədli filmin təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olmuş layihə çərçivəsində təşkil olunub.

2026-cı ilin 20 fevral tarixində MDU-nun akt zalında baş tutan tədbirdə şəhid ailələri, universitetin akademik-inzibati heyət üzvləri, tələbələr və dəvətli qonaqlar iştirak ediblər. Layihə çərçivəsində Vətən müharibəsi şəhidi Oruc Nəcəflinin həyat və qəhrəmanlıq yoluna həsr olunmuş sənədli film hazırlanaraq iştirakçılara təqdim edilib.

Təqdimat mərasiminin moderatoru, layihənin koordinatoru Aynur Araz çıxış edərək layihənin əsas məqsədinin şəhidlərimizin həyat hekayələrini gələcək nəsillərə çatdırmaq, onların qəhrəmanlıq salnaməsini yaşatmaq və gənclər arasında vətənpərvərlik ruhunu daha da gücləndirmək olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən şəhid Oruc Nəcəflinin anası Flora Nəcəfli oğlunun keçdiyi şərəfli həyat yolundan, Vətənə sədaqətindən və döyüşlərdə göstərdiyi igidlikdən bəhs edib. O, belə təşəbbüslərin şəhidlərin xatirəsinin yaşadılması baxımından böyük mənəvi əhəmiyyət daşıdığını qeyd edib.

Mingəçevir Dövlət Universitetinin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin rəhbəri Minayə Hüseynova çıxışında bu kimi layihələrin gənclərin milli ruhda formalaşmasına, dövlətçilik dəyərlərinin təbliğinə və vətənpərvərlik hisslərinin gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib.

Layihə rəhbəri Emil Şükürov sənədli filmin hazırlanma prosesi, aparılan araşdırmalar və layihənin məqsədləri barədə məlumat verərək təşəbbüsün mənəvi və ictimai əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, “Şəhidlər ölməz…” layihəsi qəhrəmanlarımızın xatirəsinin yaşadılması istiqamətində mühüm təşəbbüslərdən biridir.

Tədbirin sonunda şəhid Oruc Nəcəfliyə həsr olunmuş sənədli film nümayiş etdirilib. Film iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.