Mingəçevir Dövlət Universitetində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib

  • Рубрика записиPedaqogika

2025-ci il 10 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş “Uşaq və yeniyetmələrin problemləri daim diqqət mərkəzində olmalıdır” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminarın moderatoru, Pedaqogika və psixologiya kafedrasının müdiri professor Fərəh Cəlil tədbiri açaraq Ümumdünya Psixi Sağlamlıq Gününün əhəmiyyətindən, bu günün cəmiyyətin bütün təbəqələrində, xüsusilə də uşaqlar və yeniyetmələr arasında psixi rifahın qorunmasına yönəlmiş fəaliyyətlərin aktuallığından danışıb.

Daha sonra məruzələr dinlənilib. Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva “Sosial şəbəkələrin gənclərin psixi sağlamlığına təsiri” mövzusunda çıxış edərək virtual mühitin gənclərin emosional vəziyyətinə və sosial davranışlarına təsir mexanizmləri barədə məlumat verib.

Kafedranın digər müəllimi Günel Nəcəfova isə “Sağlamlıq imkanları məhdud şəxslərdə psixi inkişaf pozuntusu” mövzusunda çıxış edərək bu kateqoriyadan olan şəxslərlə işləməyin psixoloji və pedaqoji xüsusiyyətləri barədə fikirlərini bölüşüb.

Məruzələrdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, uşaqların və yeniyetmələrin psixi sağlamlığının qorunmasında ailə, məktəb və cəmiyyətin birgə məsuliyyətinin önəmi vurğulanıb.

Qeyd edək ki, seminarın təşkilində əsas məqsəd psixi sağlamlığın qorunması sahəsində maarifləndirmənin gücləndirilməsi və bu istiqamətdə mütəxəssis-tələbə əməkdaşlığının təşviqidir.