18 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmas” RİİB tərəfindən icra edilən layihə çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində “Məişət zorakılığına və insan alverinə qarşı birgə mübarizə” mövzusunda seminar təşkil olunub.
Tədbirin açılışında Pedaqogika və psixologiya kafedrasının müdiri, professor F. Cəlil qonaqları rektor Anar Eminovun adından salamlayıb, seminarın tələbələrin bilik və bacarıqlarının inkişafı üçün əhəmiyyətini vurğulayıb.
Sosial iş ixtisası tələbələrinin iştirakı ilə keçirilən seminarda zorakılıq və insan alverinin mahiyyəti, onların sosial-iqtisadi nəticələri, həmçinin mübarizə və müdafiə mexanizmləri barədə məlumat verilib. Mövzu interaktiv müzakirələr və real nümunələr əsasında təqdim olunub.
Layihə eksperti Südabə Məmmədova çıxışında zorakılıq qurbanlarına yalnız hüquqi deyil, həm də psixoloji və sosial dəstəyin vacibliyini qeyd edib. Onun sözlərinə görə, təhlükəsiz sığınacaqlar qurbanların cəmiyyətə reinteqrasiyasında mühüm rol oynayır.
Seminarın sonunda Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzinin müdiri, dosent A. Məmmədov maraqlı müzakirələrə görə qonaqlara və iştirakçılara təşəkkür edib, bu cür tədbirlərin tələbələrin peşəkar inkişafına töhfə verdiyini bildirib.