MDU tələbələri “Kibertəhlükəsizliklə bağlı maarifləndirici simulyasiyalar” mövzusunda seminar keçiriblər

2024-cü il mayın 16-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nin proqramına əsasən Mingəçevir Dövlət Universitetinin (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə  təşkilatçılığı ilə Mingəçevir şəhəri 1 saylı tam orta məktəbdə “Kibertəhlükəsizliklə bağlı maarifləndirici simulyasiyalar” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun və məktəbin müəllimləri, tələbələr, magistrantlar və şagirdlər iştirak edib.

İştirakçıları salamlayan Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun müdiri Sevinc Həsənova, MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev, 1 saylı məktəbin direktoru ƏlyarYusifov seminarın işinə uğurlar arzulayıb, təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Giriş sözü ilə çıxış edən MDU-nun İnformasiya Texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi məqsədilə hüquqi, təşkilati və texniki sferalarda həyata keçirilən tədbirlər, icra edilmiş layihələr barədə məlumat verib. Həmçinin təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə təhsilə önəm verilməsinin, xüsusilə MDU-nun müvafiq fakültə məzunları tərəfindən gələcəkdə ümumi təhsil müəssisələrində şagirdlərə müvafiq sahədə də ilkin biliklər aşılanmasının əhəmiyyətini vurğulayıb.

Tədbirin davamında MDU müəllimləri Məryəm Əsədova və Elvin Muradzadənin elmi rəhbərliyi ilə tələbələrin hazırladıqları simulyasiyalar təqdim olunub. Ramazan Quluzadə, Hüseyn Mehtiyev, Əhmədağa Məmmədov “İnformasiya təhlükəsizliyinə və təhdidinə hücumlar”, Mehriban Sadıqova, Zərəngül Şərifzadə “Zərərli proqram təminatı”, Anar Ramazanlı, Sevda Məmmədova, Leyla Cəbrayılova “Şəbəkə təhlükəsizliyi”, Adil Əhmədzadə, Rəsul Əhmədov “Sosial mühəndislik və fişinq” mövzularında çıxış edərək təqdimatlar vasitəsilə uşaq və yeniyetmələrin internetdə üzləşə biləcəyi nöqsanlar, çatışmazlıqlar, onlardan müdafiə üsulları, internetdən düzgün istifadə qaydaları və digər məlumatları diqqətə çatdırıblar.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.