MDU-da “Davamlı inkişaf və insan hüquqları: gənclərin rolu” mövzusunda seminar keçirilib

20 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Davamlı inkişaf və insan hüquqları: gənclərin rolu” mövzusunda seminar təşkil olunub.

Seminara moderatorluq edən universitetin Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev iştirakçılara tədbirin əhəmiyyəti haqqında məlumat verərək, bu mövzuların müasir dövrdə aktuallığını vurğulayıb. Onun çıxışından sonra mövzuya dair hazırlanan videoçarx nümayiş etdirilib.

Sonra, seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun  Pedaqogika və psixologiya kafedrasının dosenti Asim Məmmədov “Gənclər davamlı inkişafın avanqard qüvvəsi kimi” mövzusunda çıxış edib. O, gənclərin sosial inkişaf proseslərindəki liderlik potensialını, onların dayanıqlı gələcəyin qurulmasındakı məsuliyyətini qeyd edib.

Daha sonra Humanitar fənlər kafedrasının baş müəllimi Hüseyn Əsgərov “Hüquq və azadlıqların müdafiə mexanizmləri” mövzusunda məruzə ilə çıxış edərək, insan hüquqlarının qorunması istiqamətində mövcud hüquqi mexanizmlər və onların effektivliyi barədə ətraflı məlumat verib.

İştirakçılar tərəfindən maraqla qarşılanan seminar məruzələrlə yekunlaşıb.

Qeyd edək ki, tədbirin təşkilində əsas məqsədi insan hüquqlarının qorunması və davamlı inkişaf sahəsində gənclərin rolunun aydınlaşdırılması və onların bu prosesə fəal cəlb edilməsini təşviq etmək olub.