2025-ci ilin 20 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin Biznes və menecment kafedrasının təşkilatçılığı ilə 20 oktyabr – Ümumdünya Statistika Gününə həsr olunmuş “Statistika – rəqəmlər və faktlar dünyası” adlı maarifləndirici seminar keçirilib.
Seminarı Biznes və menecment kafedrasının müəllimi Təranə Süleymanova moderator qismində açaraq tədbirin məqsədi, statistikanın cəmiyyət həyatındakı rolu və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
Sonra seminar iştirakçıları mövzu ətrafında müxtəlif təqdimatlarla çıxış ediblər. MDU-nun müəllimlərindən Təranə Süleymanova “Statistika – cəmiyyətin güzgüsüdür”, Saqib Məmmədov “Soyuq rəqəmlərin isti hekayəsi” Təranə Əliyeva “Statistika sadəcə rəqəm deyil”, tələbələrdən Aytac Qarayeva “Seminarda tələbələrin iştirakının statistik təsviri”, Həmid Məmmədov “Mənim adım Statistikadır”, Selcan Eyubzadə “Azərbaycan statistikası: mövcud vəziyyət və perspektivlər” və Nərgiz Məhyyəddinova “Statistikanın səssiz qəhrəmanları – rəqəmlər” mövzularında məruzələrlə çıxış ediblər.
Seminarda həmçinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin sektor müdiri Etibar Yaqublu və Mingəçevir Şəhər Statistika İdarəsinin rəisi Etibar Kərimov qonaq qismində iştirak edərək ölkə statistikası sahəsində görülən işlər, əldə olunan nəticələr və qarşıdakı hədəflər barədə fikirlərini bölüşüblər.
Tədbirdə statistikanın cəmiyyətin inkişafında oynadığı mühüm rolun təbliği məqsədilə mövzuya dair videoçarx nümayiş etdirilib.
Seminar müzakirələrlə davam edib, tələbələrin və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Sonda yekun çıxış edən Biznes və menecment kafedrasının müdiri Emiliya Hüseynova və E.Kərimov belə tədbirlərin gənclərdə analitik düşüncə, məlumatların təhlili və statistik mədəniyyətin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.