Mingəçevir Dövlət Universitetində narkomaniya ilə mübarizə çərçivəsində növbəti seminar keçirilib

2025-ci ilin 23 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suvevrenlik İli” çərçivəsində 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Gənclər narkotikə “Yox!” deyirlər” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminarı giriş nitqi ilə açan MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev tədbirin əhəmiyyətini vurğulayaraq, cəmiyyətin sağlam inkişafında narkomaniyaya qarşı aparılan mübarizənin prioritet istiqamət olduğunu qeyd edib. O bildirib ki, belə seminarlar tələbələrin və gənclərin narkomaniyanın fəsadları barədə maarifləndirilməsində mühüm rol oynayır.

Sonra, seminarın proqramına uyğun olaraq narkomaniya ilə mübarizəyə dair videoçarx nümayiş etdirilib və məruzələr dinlənilib.

MDU-nun baş müəllimi Hüseyn Əsgərov “26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə Günü”nün mahiyyəti və əhəmiyyəti”, universitetin hüquqşünası Polad Atayev “Narkomaniyaya qarşı təbliğat və maarifləndirmə sahəsində fəaliyyətin gücləndirilməsi tədbirləri” və müəllim Nərgiz Niftəliyeva “Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna və asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılmasının zəruriliyi” mövzularında məruzələrlə çıxış ediblər.

Sonda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, seminarın mövzusu ilə bağlı suallar cavablandırılıb və gələcəkdə belə tədbirlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, il ərzində MDU-da “Konstitusiya və Suverenlik ili çərçivəsində müxtəlif tədbirlər keçirilir.