MDU-da “Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər və perspektiv planlar” mövzusunda seminar keçirilib

29 oktyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər və perspektiv planlar” mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri iştirak ediblər.
Seminarın əsas məqsədi tələbələrin dövlət idarəçiliyi sahəsində məlumatlılığının artırılması, dövlət qulluğu sistemində mövcud yeniliklər, dəyişikliklər və gələcək perspektivlər barədə onların maarifləndirilməsi olub.
Tədbirdə iştirakçılara dövlət qulluğuna qəbul qaydaları, vakansiyaların elan olunması, müsabiqə mərhələləri, həmçinin bu sahədə tətbiq edilən yeni yanaşmalar haqqında ətraflı məlumat verilib.
Seminar çərçivəsində, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti, yaranma tarixi, əsas struktur bölmələri və prioritet istiqamətləri haqqında da geniş məlumat təqdim olunub. Nazirliyin sosial müdafiə, məşğulluq, əmək münasibətləri və sosial təminat sahələrində həyata keçirdiyi proqramlardan bəhs edilib.
Bununla yanaşı, tədbir iştirakçılarına CV və rezüme hazırlanması, istək məktubunun (motivasya məktubu) yazılması qaydaları barədə də faydalı məlumatlar verilib. Gənclərə bu istiqamətdə praktiki tövsiyələr təqdim olunub, onların gələcək karyera inkişafında bu bacarıqların əhəmiyyətinə diqqət çəkilib.
Qeyd olunub ki, gənclərin dövlət idarəçiliyində fəaliyyət göstərməsi üçün geniş imkanlar mövcuddur və onların bu istiqamətdə fəallığı ölkənin insan resurslarının inkişafına mühüm töhfə verir.
Tədbir qarşılıqlı fikir mübadiləsi və iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.