Mingəçevir Dövlət Universitetində “Sosial Sahibkarlıq və Bərabərsizliklə Mübarizə” mövzusunda təlim təşkil olunub.
Dayanıqlı İnkişaf Məqsədləri (SDG) çərçivəsində keçirilən təlimin əsas məqsədi cəmiyyətdə mövcud sosial və iqtisadi problemlərin innovativ biznes yanaşmaları vasitəsilə həlli yollarını təşviq etmək, eləcə də sosial sahibkarlıq anlayışını iştirakçılara daha geniş şəkildə izah etmək olub.
Təlim zamanı sosial sahibkarlığın mahiyyəti, yəni mənfəətlə yanaşı sosial fayda yaratmağa yönəlmiş fəaliyyətlər ətraflı şəkildə təqdim olunub. Eyni zamanda, sosial problemlərin müəyyənləşdirilməsi və onların həlli üçün davamlı biznes modellərinin qurulması məsələləri müzakirə edilib.
İştirakçıların diqqətinə çatdırılıb ki, sosial sahibkarlıq yoxsulluğun azaldılması, məşğulluğun artırılması, həssas sosial qrupların dəstəklənməsi və gəlir bərabərsizliyinin aradan qaldırılması baxımından mühüm rol oynayır.
Bununla yanaşı, təlim çərçivəsində sosial innovasiya, inklüziv iqtisadi inkişaf, maliyyə resurslarına çıxış imkanları və dövlət–özəl sektor əməkdaşlığı kimi aktual məsələlər də diqqət mərkəzində olub.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin sosial məsuliyyət, innovativ düşüncə və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, eləcə də cəmiyyət üçün dəyər yaradan təşəbbüslərin təşviqi istiqamətində bu kimi təlim və maarifləndirici tədbirlərin təşkili davam etdirilir.