Mingəçevir Dövlət Universitetində “STEAM təlimləri”nə start verilib

  • Рубрика записиİT kafedrası

16 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İnkubasiya və Akselerasiya Mərkəzində “STEAM təlimləri” adlı silsilə dərslərə start verilib. Təlimlər mərkəzin fəal üzvləri Azər Hüseyn və Xəyalə Hüseynova tərəfindən universitetin STEAM mərkəzində aparılır.

Tədbirin açılışında İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Elvin Muradzadə çıxış edərək STEAM təlimlərinin müasir dövrdə əhəmiyyəti, yaradıcı və texnoloji bacarıqların inkişafına verdiyi töhfə, eləcə də bu istiqamətdə universitetdə görülən işlər barədə məlumat verib. O, iştirakçılara uğurlar arzulayaraq sözü təlimçilərə verib.

Təlimin ilk mərhələsində iştirakçılara 3D printerlərin işləmə prinsipi, istifadə qaydaları, tətbiq olunan proqram təminatı və bu avadanlığın funksional xüsusiyyətləri ətraflı şəkildə izah olunub. Praktiki hissədə isə iştirakçılar öyrəndiklərini tətbiq edərək müxtəlif nümunələri 3D formatda çap ediblər.

Qeyd edək ki, təlimlərin əsas məqsədi STEAM fənnini tədris edən müəllimlərin və tələbələrin praktik bilik və bacarıqlarının artırılması, bu sahədə müasir texnologiyaların tətbiqini öyrənmələrinə şərait yaratmaqdır. Təlimlər növbəti həftələrdə müvafiq mövzularla davam edəcəkdir.