Вы сейчас просматриваете MDU Seulda beynəlxalq İKT təlimində təmsil olunur

MDU Seulda beynəlxalq İKT təlimində təmsil olunur

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev Cənubi Koreyanın paytaxtı Seul şəhərində Koreya Elm və İKT Nazirliyinin ev sahibliyi və NİPA-nın (National IT İndustry Promotion Agency) təşkilatçılığı ilə İKT sahəsində mütəxəssislər üçün təşkil olunan “AI & Edu-Tech” (Süni intellekt və Təhsil texnologiyaları) adlı təlimdə iştirak edir.

2022-ci ilin 10-20 oktyabr tarixlərində müxtəlif ölkələrdən 25 mütəxəssisin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd iştirakçıları qlobal İT tendensiyaları və siyasəti, IV sənaye inqilabı, təhsildə müasir İT trendləri, süni intellekt, “big data” və “deep learning” ilə bağlı beynəlxalq və Cənubi Koreya təcrübəsi ilə nəzəri və praktiki olaraq tanış etməkdir.

Bundan əvvəl, E.Tağıyev 2019-cu ilin dekabr ayında sözügedən təlim kursunda iştirak edib.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da akademik heyət üzvləri və təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif beynəlxalq və yerli təlimlərdə iştiraka xüsusi önəm verilir.