Mingəçevir Dövlət Universitetində tələbələr üçün “Azərbaycan İES” MMC-də hidroenerji sistemləri üzrə praktiki təlim keçirilib

  • Рубрика записиEnergetika

Mingəçevir Dövlət Universiteti ilə sənaye müəssisələri arasında mövcud səmərəli əməkdaşlıq çərçivəsində növbəti maarifləndirici tədbir uğurla təşkil olunub. Universitetin Energetika ixtisası üzrə təhsil alan tələbələri üçün “Azərbaycan İES” MMC-də “Hidroenerji sistemlərinin texniki analizi” mövzusunda praktiki təlim həyata keçirilib.

Təlimin əsas məqsədi tələbələrin auditoriyada mənimsədikləri nəzəri bilikləri real sənaye mühitində tətbiq etmək, müasir hidroenergetika qurğularının texniki göstəricilərini dərindən analiz etmək bacarıqlarını formalaşdırmaqdan ibarət olub.

Tədbirdə “Azərbaycan İES” MMC-nin əməkdaşı Qədir Məmmədli geniş məruzə ilə çıxış edərək aşağıdakı mövzulara toxunub:

  • Hidroelektrik stansiyaların texnoloji sxemi və su enerjisinin elektrik enerjisinə çevrilməsi prosesinin müasir metodları;
  • Hidrotexniki qurğuların effektivliyinin ölçülməsi, avadanlıqların istismar vəziyyətinin qiymətləndirilməsi və texniki itkilərin minimuma endirilməsi yolları;
  • Hidroenerji sistemlərində tətbiq olunan yeni idarəetmə texnologiyaları və onların enerji sisteminin dayanıqlığına təsiri.

İnteraktiv formatda keçirilən təlim zamanı tələbələr stansiyanın iş rejimi ilə yaxından tanış olub, hidroenerji sistemlərinin idarə olunması və texniki baxışı ilə bağlı suallarına peşəkar cavablar alıblar. Təlim nəticəsində tələbələr mürəkkəb enerji sistemlərinin texniki təhlili sahəsində ilkin praktiki vərdişlər qazanıblar.

Qeyd olunub ki, bu kimi təlimlər gələcək mühəndis kadrların əmək bazarının tələblərinə uyğun hazırlanmasında, onların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsində və sənaye müəssisələri ilə universitet arasındakı inteqrasiyanın gücləndirilməsində mühüm rol oynayır.