Mingəçevir Dövlət Universiteti (MDU) regionlarda universitet-məktəb əməkdaşlığını genişləndirməkdə davam edir. 2025-ci ilin 21 iyun tarixində universitetin rektoru Anar Eminov Şəki şəhərinin məktəb və liseylərinin məzunları ilə görüşüb.
Tədbiri giriş nitqi ilə açan Şəki şəhər 10 saylı tam orta məktəbin direktoru Filyar İbrahimova qonaqları salamlayaraq belə görüşlərin abituriyentlər üçün əhəmiyyətindən danışıb və universitetlə məktəblər arasında qurulan əlaqələrin təhsilin keyfiyyətinə müsbət təsir göstərdiyini vurğulayıb.
Göstərilən diqqət və təşkilatçılığıa görə təşəkkürünü bildirən rektor universitetdə son dövrlərdə həyata keçirilən islahatlar, tədris və elmi fəaliyyət sahəsində əldə olunan nailiyyətlər, beynəlxalq tərəfdaşlıqlar və tələbə həyatı barədə ətraflı məlumat verib. O, həmçinin MDU-da tələbələr üçün yaradılmış sosial-mədəni mühit, müasir tədris infrastrukturu və inkişaf edən beynəlxalq proqramlar haqqında danışaraq, universitetin açıq və inklüziv təhsil mühiti təklif etdiyini qeyd edib.
Sonra, MDU-nun tanıtım videoçarxı nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, MDU-nun ixtisasları və qəbul prosesi ilə bağlı ətraflı məlumatlar verilib, abituriyentlərə universitetlə bağlı bukletlər təqdim olunub.