Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin sonuncu kurs tələbələri tədris planına uyğun olaraq ixtisasları üzrə Mingəçevir şəhərinin müxtəlif ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında pedaqoji təcrübə keçirlər.
Mingəçevir şəhər Texniki Humanitar liseydə təcrübə keçən “İbtidai sinif müəllimliyi” ixtisasında təhsil alan İS20.2 qrupunun 24 tələbəsi təcrübə rəhbəri Faiq Yusiflinin nəzarəti altında yeni təlim metodlarından istifadə etməklə liseyin müəllimləri ilə birlikdə dərslərdə iştirak edir, pedaqoji prosesi dərindən mənimsəməyə çalışırlar.
2024-cü ilin fervral ayından başlayan təcrübə zamanı tələbələr məktəb mühitinə uyğunlaşmqla yanaşı, ali təhsil zamanı aldıqları nəzəri bilikləri tətbiq edirlər. Gələcəyin müəllimləri 2, 3 və 4-cü siniflərdə dərslərə qatılır, şagirdlərlə işləmək, müəllim-şagird münasibətlərinin tənzimlənməsi ilə bağlı gələcəkdə onlara əhəmiyyətli ola biləcək təcrübəyə yiyələnirlər. Onlar dərs zamanı müasir metodlardan istifadə etməklə şagirdlər arasında maraqlı müsabiqələr keçirir, açıq dərslər təşkil edirlər.
Tələbələrimizin dərs proseslərini izləyən liseyin müəllimləri pedaqoji təcrübənin gedişindən çox razılıq ediblər, onların şagirdlərlə davranışını, bu müqəddəs peşəyə olan sevgilərini və maraqlarını müsbət qiymətləndiriblər.
Tələbələr də öz növbələrində onların səmərəli pedaqoji təcrübə keçməsi üçün lazımi şərait yaratdığı üçün liseyin kollektivinə minnətdarlıq ediblər.