MDU-da tələbələrin XVI elmi-praktik konrfransı keçirilib

2023-cü il noyabrın 28-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) XVI elmi-praktik konfransı keçirilib. Konfransda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib.

Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında çıxış edən MDU TEC-in sədri Günəş Şəfaqətov tələbələrin elmi fəaliyyətlərə aktiv cəlb olunmasının önəmindən danışıb və onların gələcəkdə peşəkar mütəxəssis kimi yetişmələri üçün ixtisas bilikləri ilə yanaşı, tədqiqat bacarıqlarının da rolunu vurğulayıb. Tələbələrin müvafiq aktual mövzularda elmi araşdırmalarının nəticələrinin təqdimatı və müzakirəsi baxımından tələbə elmi konfransının faydalı platformalardan olduğunu diqqətə çatdıran G.Şəfaqətov elmi tədbirin iştirakçılarına uğurlar arzulayıb.

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun tələbələrindən İlahə İbrahimova “Mingəçevir şəhərinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri”, Səbinə Əliyeva “Azərbaycanda dayanıqlı inkişafı təmin edən amillər”,  Qumral Süleymanlı “Azərbaycanın sənaye potensialı və perspektiv inkişaf”, Qızbəs Osmanova “Uşaqlarda adaptasiya problemləri və onların həlli yolları”, Namiq QƏDİMLİ “Azərbaycanın bank sisteminin müasir fəaliyyətinə qısa baxış (problemlər)”,  Amin Əsədov və Kamilə İbrahimova “Futbolda fizika”, Şövkət Hacıyeva “x3+px+q=0 tənliyinin köklərinin diskriminantla araşdırılması”, Tərlan Əliyev “Azərbaycanın dünya bazarlarına inteqrasiyasının strateji hədəfləri”, Ayşən Qədirli “Bərpa olunan enerji mənbələri. Alternativ enerji” və Rəşad Həsənov “Turizm destinasiya mərkəzi kimi Azərbaycanın beynəlxalq marketinq fəaliyyətləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Maraqla qarşılanan məruzələrdən sonra konfrans müzakirələrlə davam edib.

Qeyd edək ki, MDU-da “Heydər Əliyev İli” çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir.