MDU-da “Technest” təqaüd proqramının açılışı olub

  • Рубрика записиMDU xəbərləri

2024-cü il 21 fevralında Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə əməkdaşlığı çərçivəsində elan edilmiş “Technest” təqaüd proqramının açılış tədbiri keçirilib. Universitetin akt zalında keçirilən tədbirdə İRİA, “Code Factory” MMC, “Skillwill” şirkətinin nümayəndələri, MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

Tədbir öncəsi MDU-nun rektoru Şahin Bayramov İRİA, “Code Factory” MMC və “Skilwill” şirkətinin nümayəndələrini qəbul edib və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbiri açılış nitqi ilə açıq elan edən rektor Ş.Bayramov “Technest” təqaüd proqramı universitet ilə İRİA arasında olan uğurlu əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib. MDU-nun yeni dövrün universitetinə çevrilməyi hədəflədiyini diqqətə çatdıran rektor bu yolda göstərilən dəstək və əməkdaşlığa görə İRİA-nın rəhbərliyinə minnətdarlıq edib. İT və rəqəmsal bacarıqların artırılmasının müasir dövrdə karyera yüksəlişində önəmli rol oynadığını qeyd edən Ş.Bayramov təqaüd proqramına seçilən əməkdaş və tələbələri təbrik edib, onlar üçün yaradılan imkanlardan maksimum faydalanmağı tövsiyə edib.

Açılış nitqindən sonra İRİA-nın layihə meneceri Gülnar Mirhüseynova, “Code Factory” MMC-nin icraçı direktoru Tariel Dövlətov, “Skillwill” şirkətinin nümayəndəsi Səbinə Zülalova çıxış edərək göstərilən diqqətə görə təşəkkür edib, əməkdaş və tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işləri təqdirəlayiq addım kimi qiymətləndiriblər. Sonra təqaüd proqramı haqqında geniş məlumat verilib. Qeyd olunub ki, bu layihənin əsas məqsədi MDU əməkdaşlarına və burada təhsil alan tələbələrə informasiya texnologiyaları, proqramlaşdırma, dizayn və rəqəmsal marketinq sahələri üzrə qısa müddətdə fundamental biliklər öyrətmək və onların gələcək karyeralarının inkişafına dəstək olmaqdır.

Sonra, tədbir iştirakçılarının sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb. Təqaüd proqramı çərçivəsində rəqəmsal marketinq istiqamətində ilk dərs tədbir sonrası baş tutub.

Qeyd edək ki, “Technest” təqaüd proqramını qazanan MDU-nun 10 əməkdaşı və 34 tələbəsi 3.5 ay müddətində hibrid formada tədris olunacaq Şəbəkə İnzibatçılığı və Rəqəmsal Marketinq təlimlərində iştirak edəcək. Proqramı uğurla başa vuranlar müvafiq sertifikatla təltif ediləcək.