Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə ˝Heydər Əliyev İli˝ çəriçivəsində 28 May – Müstəqillik Gününə həsr olunan “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantları iştirak edib.
Əvvəlcə, ümummilli lider Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova Müstəqillik Günü münasibətilə iştirakçıları təbrik edib. Şərqdə ilk demokratik dövlətimizin yaranması və qısamüddət ərzində burada həyata keçirilən çoxşaxəli fəaliyyətlərdən danışan E.Cəfərova bildirib ki, xalqımızın köklü dövlətçilik ənənələri və müstəqillik eşqi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında müstəsna əhəmiyyət kəsb edib. Cümhuriyyətin varisi olan bugünkü müasir Azərbaycanın etibarlı əllərdə olduğunu vurğulayan E.Cəfərova qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və titanik fəaliyyəti, onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi sayəsində əbədi və dönməz xarakter alan müstəqilliyimiz daha da güclənməkdədir. Ulu Öndərimizin cümhuriyyət ənənələrinə yüksək qiymət verdiyini diqqətə çatdıran kafedra müdiri bu tarixi dövrün siyasi irsinin öyrənilməsi və gənc nəslə çatdırılmasının önəmindən bəhs edib və tədbirin əhəmiyyətini vurğulayıb.
Sonra Müstəqillik Gününə həsr olunmuş videoçarx izlənilib və MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Şəlalə Quliyevanın moderatorluğu ilə məruzələr dinlənilib.
MDU tələbələrindən Aytən Mirzəlizadə ˝Cümhuriyyətə gedən yola siyasi baxış˝, Gülmirə Kazımova ˝Şərqin ilk demokratik dövləti Azərbaycan Xalq Cümhuriyyəti˝, Rövşən Ələkbərov ˝Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət idarəçiliyi˝, Səidə Quliyeva ˝Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti˝, Nihat Şahbazlı ˝Azərbaycanın milli-mədəni quruculuğunda cümhuriyyət dönəmi˝ və Səbinə Əliyeva ˝Azərbaycan Xalq Cümhuriyyəti parlamenti˝ mövzusunda məruzələrlə çıxış ediblər.
Daha sonra tələbələrdən Tural Nağızadə ˝Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu˝, Rəsul Mirzəyev ˝Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasi əlaqələri˝, Nərgiz Rəsulzadə ˝28 May Azərbaycan dövlətçilik tarixinin parlaq və şanlı səhifəsidir˝, Sədiqə Sadıqova ˝Azərbaycan Xalq Cümhuriyyətinin süqutu˝, İlahə İbrahimova Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasını Cümhuriyyətin varisi elan etməsi mühüm tarixi-siyasi hadisədir˝ və Uğur Hüseynov ˝Azərbaycan Xalq Cümhuriyyəti varisi müstəqil Azərbaycan˝ mövzusunda məruzələrini təqdim ediblər.
Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.
Qeyd edək ki, MDU-da ˝Heydər Əliyev İli˝ çərçivəsində müxtəlif tədbirlər keçirilir.