Mingəçevir Dövlət Universitetində “Tələbə-rektor” fəaliyyət göstərəcək

  • Рубрика записиMDU xəbərləri

2026-cı ilin 5 mart tarixində keçirilən Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının iclasında universitetdə tələbə idarəetməsinin inkişafı və tələbələrin universitet həyatında daha fəal iştirakının təmin olunması məqsədilə “Tələbə-rektor” vəzifəsinin yaradılması haqqında qərar qəbul edilib.

Rektor Anar Eminovun sədrliyi ilə keçirilən iclasda Mingəçevir Dövlət Universitetinin Tələbə-rektor Əsasnaməsi müzakirə olunaraq təsdiq edilib. Qeyd olunub ki, yeni mexanizm universitetdə tələbə iştirakçılığının gücləndirilməsi, tələbələrin fikir və təşəbbüslərinin idarəetmə prosesində daha effektiv şəkildə nəzərə alınması, həmçinin tələbə–idarəetmə əməkdaşlığının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Tələbə-rektor” institutu tələbələrin akademik, sosial və ictimai həyatla bağlı təkliflərinin universitet rəhbərliyinə çatdırılması, tələbə təşəbbüslərinin dəstəklənməsi və tələbə icmasının idarəetmə proseslərinə inteqrasiyasının gücləndirilməsi məqsədini daşıyır.

Qeyd edək ki, “Tələbə-rektor” vəzifəsinin yaradılması Mingəçevir Dövlət Universitetində tələbəyönümlü idarəetmə modelinin inkişafına, tələbələrin universitetin strateji və sosial həyatında daha fəal rol almasına və gənclərin liderlik bacarıqlarının formalaşmasına xidmət edəcək.