MDU-da “Karyera planlaması” adlı modul təlimlər keçirilib

  • Рубрика записиKaryera

4, 5 və 6 noyabr 2024-cü il tarixlərində Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Karyera planlaması” adlı üç modullu təlim uğurla həyata keçirildi. Təlim Təhsil fakültəsi tələbələri üçün nəzərdə tutulmuşdur və onların öz işgüzar keyfiyyətlərini inkişaf etdirmək, karyera planlamaq və əmək bazarında rəqabət qabiliyyətlərini artırmaq məqsədi daşıyırdı.

Təlim, Biznes və menecment kafedrasının baş müəllimi Zaur Rəsulov tərəfindən keçirilib. Təlimin açılışında Təcrübə və karyera inkişafı mərkəzinin müdiri Nuran Cəfərov açılış nitqi söyləyərək, təlimin məqsədini, tələbələrin inkişafı üçün nəzərdə tutulan digər təlimləri diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb.

İlk gün “Özünüqiymətləndirmə” adlı modulda iştirakçılar öz işgüzar keyfiyyətlərini real qiymətləndirmək və bu bacarıqları təşkilatın tələblərinə uzlaşdırmaq bacarıqlarını inkişaf etdirdilər. Təlimdə özünüqiymətləndirmə üsulları, keyfiyyətlərin müəyyənləşdirilməsi, VISA texnikası və CoHari pəncərəsi kimi mövzular əhatə olunmuşdur.

İkinci gün isə “İmkanların öyrənilməsi” modulunda tələbələr əmək bazarını araşdırmaq, səmərəli CV hazırlamaq və iş müsahibəsinə hazırlaşmaq sahəsində bacarıqlar qazandılar. Əmək bazarının araşdırılması, işaxtarma strategiyaları, effektiv CV hazırlama üsulları və iş müsahibəsinə hazırlıq mövzuları iştirakçılara təqdim edildi.

“Məqsədlərin müəyyənləşdirilməsi” təlimin son modulu peşəkar inkişaf məqsədlərinin müəyyənləşdirilməsi və bu məqsədlərə nail olunma yollarını əhatə edirdi. İştirakçılar karyera məqsədlərini aydınlaşdırmaq, bu məqsədlərə nail olunma alqoritmini və SMART texnikasını öyrəndilər.

Qeyd edək ki, bu cür təlimlərin müntəzəm keçirilməsi universitet tələbələrinin gələcəkdə əmək bazarına hazır olmaları baxımından mühüm əhəmiyyət kəsb edir. Təlim zamanı əldə olunan bilik və bacarıqlar tələbələrin peşəkar həyatda uğurlu karyera qurmasında böyük rol oynayacaqdır.