2026-cı ilin 28 aprel tarixində Mingəçevir Dövlət Universitetində Elmi tədqiqat və innovasiya şöbəsinin təşkilatçılığı ilə Mühəndislik fakültəsinin dekanı dos. Almaz Əliyevanın təqdimatında “Əqli mülkiyyət və ixtiraçılıq” mövzusunda təlim keçirilib.
Tədbirin əsas məqsədi iştirakçılara əqli mülkiyyət anlayışı, yaradıcı ideyaların hüquqi mühafizəsi mexanizmləri və innovativ yanaşmaların iqtisadi dəyərə çevrilməsi yolları barədə ətraflı məlumat vermək olub. Təlim çərçivəsində patentin yaranma tarixi, patentləşmə mərhələləri, Azərbaycanda patent sisteminin inkişafı, Avrasiya patent sistemi və patent hüquqlarının rəsmiləşdirilməsi prosedurları haqqında geniş təqdimat edilib.
Eyni zamanda, patentləşmənin əhəmiyyəti xüsusi vurğulanaraq onun ixtiraçılar üçün kommersiya üstünlükləri yaratdığı, yeni texnologiyaların inkişafını stimullaşdırdığı və hüquqi mühafizə vasitəsilə bazarda rəqabət qabiliyyətini artırdığı qeyd olunub. Bildirilib ki, əqli mülkiyyətin qorunması iqtisadi inkişafın və innovasiya əsaslı sahibkarlığın mühüm tərkib hissəsidir.
Təlim zamanı ixtiraçıların öz ideya və məhsullarını hüquqi baxımdan necə qoruması, xüsusilə iddia sənədlərinin hazırlanması zamanı qarşıya çıxan əsas çətinliklər və onların həlli yolları praktiki nümunələrlə izah olunub.
Sonda dosent Almaz Əliyeva müəllifi olduğu “Borudaxili örtük çəkilmə prosesinin avtomatik idarəetmə sistemi” adlı patent barədə iştirakçılara ətraflı məlumat verib və mövzu üzrə sualları cavablandırıb.