2026-cı ilin 28 aprel tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti “Aselsan Bakü” MMC-də olub. Nümayəndə heyətini “Aselsan Bakü” MMC-nin icraçı direktoru Özgür Kürüm qarşılayıb.
Görüş zamanı universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, xüsusilə mühəndislik, innovasiya və tətbiqi tədqiqat sahələrində birgə fəaliyyət imkanları ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetində son illər həyata keçirilən struktur və məzmun islahatları, xüsusilə universitet–sənaye inteqrasiyasının gücləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. O, qeyd edib ki, real sektorun ehtiyaclarına uyğun kadr hazırlığı, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi və tətbiqi tədqiqatların təşviqi MDU-nun prioritet istiqamətlərindəndir. Bu baxımdan, “Aselsan Bakü” kimi yüksək texnologiyalara əsaslanan sənaye qurumları ilə əməkdaşlıq universitet üçün strateji əhəmiyyət daşıyır.
Özgür Kürüm isə rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək bildirib ki, “Aselsan Bakü” MMC Azərbaycanın müdafiə sənayesi və yüksək texnologiyalar sektorunda mühüm rol oynayan, qabaqcıl mühəndislik həlləri və innovativ texnologiyaların tətbiqi ilə seçilən şirkətlərdən biridir. O, müəssisənin müxtəlif sahələrdə – elektron sistemlər, kommunikasiya texnologiyaları, müdafiə və təhlükəsizlik həlləri üzrə ixtisaslaşdığını diqqətə çatdırıb və yerli ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüşdə “Aselsan Bakü” MMC-nin nümayəndə heyətinin may ayı ərzində Mingəçevir Dövlət Universitetinə səfəri, əməkdaş və tələbələrlə görüşünə razılıq əldə olunub, həmçinin, mühəndislik və İT istiqamətlərində təhsil alan tələbələrin istehsalat təcrübələrinin təşkili, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, sənaye əsaslı tədris modellərinin tətbiqi və mütəxəssislərin tədris prosesinə cəlb olunması kimi məsələlərlə yanaşı, bir sıra konkret əməkdaşlıq istiqamətləri də müzakirə olunub. Belə ki, universitetdə rabitə və telekommunikasiya laboratoriyasının qurulması, əməkdaş və tələbələrin ixtisasartırma təlimlərinə cəlb edilməsi, universitet daxilində şirkətin kommunikasiya qurğularının istifadəsi və texniki xidmətinin təşkili, pilotsuz uçuş aparatları (PUA) üzrə infrastrukturun formalaşdırılmasında birgə iştirak imkanları nəzərdən keçirilib.
Eyni zamanda, akademik mobillik çərçivəsində mübadilədə iştirak edən tələbələrin “ASELSAN”ın Türkiyədə yerləşən ofislərinə tanışlıq səfərlərinin təşkili də əməkdaşlıq perspektivləri sırasında qeyd olunub.
Daha sonra MDU-nun nümayəndə heyəti “Aselsan Bakü” MMC-nin istehsalat sahəsi ilə tanış olub, ofis daxilində tətbiq olunan müasir texnoloji proseslər və istehsal imkanları barədə ətraflı məlumat əldə edib.
Qeyd edək ki, səfər universitet–sənaye əməkdaşlığının daha da dərinləşdirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.