2025-ci ilin 22 və 23 may tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Türkiyə Respublikasının Düzce Universitetinin alimləri tərəfindən müxtəlif mövzularda ustad dərsləri keçirilib. “Micorosft Teams” platforması üzərindən keçirilən ustad dərslərində MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.
Mingəçevir Dövlət Universitetində (MDU) təhsilalanların elmi-metodiki biliklərinin artırılması məqsədilə onlayn formatda silsilə ustad dərslər təşkil olunub.
Ardıcıl şəkildə təşkil olunan ustad dərslərdən ilki cari ilin 22 may tarixində baş tutub. Düzce Universitetinin dosenti Dr. Aslıhan K. Vardar tərəfindən “Tapşırıqların effektliyinin artırma yolları” mövzusunda keçirilən ustad dərsində təlim-tədris prosesində tapşırıqların planlaşdırılması və tətbiqinə dair faydalı məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
Cari ilin 23 may tarixində baş tutan növbəti ustad dərsində dos. Dr. Taner Atmaca “Təhsildə tədqiqat metodlarında modellər” mövzusunda çıxış edərək müxtəlif tədqiqat modelləri, onların tətbiq sahələri və müqayisəli üstünlükləri haqqında ətraflı məlumat verib.
Üçüncü ustad dərsində dos. Dr. Merve Eriş Hasırcı “Sual hazırlama texnikaları” mövzusunda çıxış edərək tədris prosesində düzgün və məqsədyönlü sual qurma bacarıqlarının inkişaf etdirilməsi yollarını iştirakçılarla bölüşüb.
Dördüncü ustad dərsində isə prof. Dr. Mustafa Koç “Ruh sağlamlığı: Stress, motivasiya və bərpa” mövzusunda mühazirə oxuyaraq təhsil mühitində stressin idarə olunması, motivasiyanın artırılması və psixoloji dayanıqlılığın gücləndirilməsi yolları ilə bağlı nəzəri və praktik bilgilər təqdim edib.
Ustad dərsləri iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar cavablanılıb.
Qeyd edək ki, Düzce Universiteti tərəfindən MDU-da ustad dərslər davam etdiriləcək.