2025-ci ilin 20 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat kafedrası və Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin Düzce Universitetinin dosenti Emine Nur Ünverenin ustad dərsi keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda baş tutan dərsə MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantları qatılıb.
Tədbirin əvvəlində MDU-nun Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzinin müdiri, dosent Asim Məmmədov universitetin rəhbərliyi adından qonağı və Düzce Universitetinin kollektivini salamlayaraq, ustad dərsi üçün təşəkkürünü bildirib. Daha sonra Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov çıxış edərək, belə bir dəyərli tədris fəaliyyətinə görə dos. Emine Nur Ünveren Bilgiçə tələbələr adından minnətdarlığını çatdırıb.
Ustad dərsində çıxış edən dos. E.N.Ünveren əvvəlcə MDU müəllim və tələbələrini salamlayaraq, universitet rəhbərliyinə təşəkkürünü bildirib.
Türkiyəli alim “Disiplinlerarası Bir Mercekten Matematik” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda riyaziyyatın bir elm sahəsi olaraq STEAM təhsil modelindəki roluna və riyazi modelləmənin əhəmiyyətinə geniş yer verib. O, riyazi modelləmənin bir disiplin kimi necə layihələndirilməli olduğunu, inteqrativ fəaliyyətlərin təşkili prinsiplərini izah edib. Həmçinin süni intellektin tədris prosesinə inteqrasiyası, rəqəmsal texnologiyalarla riyaziyyat təlimi kimi müasir yanaşmalar mühazirənin əsas məqamlarından olub.
İştirakçılar tərəfindən maraqla qarşılanan ustad dərsinin sonunda dos. E.N.Ünverenə maraqlı və faydalı təqdimata görə təşəkkkür edilib.
Qeyd edək ki, Düzce Universitetinin alimlərinin ustad dərsləri davam edəcəkdir.