Mingəçevir Dövlət Universitetində “Wireshark” proqramı üzrə kibertəhlükəsizlik təlimi keçirildi

  • Рубрика записиİT kafedrası

Mingəçevir Dövlət Universitetində kibertəhlükəsizlik sahəsində növbəti maarifləndirici təlim təşkil olunub. Təlim Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının mütəxəssisi Gülyaz İsmayılzadə tərəfindən İnformasiya Texnologiyaları ixtisasının InT 25 qrupu tələbələri üçün keçirilib. Təlim Wireshark proqramından istifadə mövzusuna həsr olunub.

Təlimin əsas məqsədi tələbələrə şəbəkə trafikinə nəzarət, paketlərin analizi, şəbəkə problemlərinin aşkarlanması və mümkün kiberhücumların müəyyən edilməsi istiqamətində praktik biliklərin aşılanması olub. Tədbir zamanı proqramın interfeysi, paketlərin tutulması (packet capture), filtrasiya qaydaları, TCP/IP protokollarının analizi və şəbəkə təhlükəsizliyi baxımından trafikin araşdırılması kimi mövzular ətraflı izah edilib.

Mütəxəssis tərəfindən real şəbəkə trafiki üzərində nümunələr təqdim olunub, tələbələr paketlərin strukturu, IP ünvanların analizi, portlar və protokolların işləmə prinsipləri ilə praktiki şəkildə tanış olublar.

Təlim interaktiv formada təşkil edilib, tələbələrin sualları cavablandırılıb və kibertəhlükəsizlik sahəsində şəbəkə analizinin əhəmiyyəti xüsusi vurğulanıb.

Sonda iştirakçılara Wireshark proqramının kibertəhlükəsizlik, şəbəkə inzibatçılığı və rəqəmsal forensika sahələrində geniş istifadə olunduğu bildirilib, bu istiqamətdə biliklərini daha da inkişaf etdirmələri tövsiyə edilib.