Mingəçevir Dövlət Universitetində iki yeni Elmi-Tədqiqat İnstitutu yaradılır

  • Рубрика записиMDU xəbərləri

Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasına uyğun olaraq, Mingəçevir Dövlət Universitetində (MDU) elmi potensialın gücləndirilməsi və innovativ tədqiqatların təşviqi məqsədilə iki yeni institut – Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu, həmçinin Tədqiqat və İnkişaf İnstitutu yaradılır.

Yeni yaradılan Süni İntellekt və Rəqəmsal Texnologiyalar Azərbaycan Respublikasının Süni İntellekt Strategiyasının məqsəd və vəzifələrinə uyğun olaraq fəaliyyət göstərəcək. İnstitutun əsas hədəfi regionda süni intellekt texnologiyalarının inkişaf etdirilməsi, rəqəmsallaşma proseslərinin elmi əsaslandırılması və bu sahədə tədqiqatların aparılmasıdır. Burada ağıllı sistemlərdən tutmuş iqtisadiyyatın müxtəlif sahələrində tətbiq imkanlarına qədər genişmiqyaslı araşdırmalar həyata keçiriləcək.

MDU-nun yeni elmi istiqamətində fəaliyyət göstərəcək Tədqiqat və İnkişaf İnstitutu regionun potensialına uyğun olaraq enerji və su ehtiyatlarının idarə olunması, su və istilik elektrik stansiyalarının tədqiqi, eləcə də dayanıqlı enerji və su mühəndisliyi sahələrində elmi-tədqiqat işlərinin aparılması üçün yaradılır. İnstitut həmçinin bu sahələrdə ixtisaslaşmış tədqiqatçıların yetişdirilməsini də qarşısına məqsəd qoyub.

Tədqiqat və İnkişaf İnstitutunun yaradılması ilə bağlı layihə Ramil Həsənovun rəhbərliyi ilə həyata keçiriləcəkdir. O, “Detal Holdinq” və “Azəralüminium MMC” kimi sənaye müəssisələrində çalışmış, Azərbaycanda və İspaniyanın Xaen Universitetində təhsil almışdır. R.Həsənov, həmçinin Avropada və Asiyada “Picualia”, “A3 Grupo de Comunicación”, Almaniyanın “Achenbach”, Çinin “Chinalco” və “CNPT” şirkətlərində elmi-praktiki təcrübə keçmiş təcrübəli tədqiqatçıdır.

Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun qurulması üzrə layihə  MDU-nun İnformasiya Texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva tapşırılmışdır. O, Türkiyənin nüfuzlu Orta Doğu Texniki Universitetində (ODTÜ) elmi-tədqiqat təcrübəsi keçmiş, süni intellekt sahəsində akademik fəaliyyətlə məşğul olan tanınmış mütəxəssislərdəndir.

Hər iki layihə rəhbərlərinin elmi fəaliyyəti nəticəsində nüfuzlu Scopus və Web of Science bazalarında ümumilikdə (əksəri Q1 və Q2 kvartildə olmaqla) indekslənmiş 28 elmi məqalə nəşr olunmuşdur.

Yeni institutların yaradılması MDU-da elmi fəaliyyətin daha da intensivləşdirilməsi, beynəlxalq səviyyədə tanınan tədqiqatların təşviqi və Azərbaycanda elmin rəqəmsallaşması istiqamətində mühüm addım olacaq.