Вы сейчас просматриваете MDU-da Xocalı soyqırımına həsr olunan elmi konfrans keçirilib

MDU-da Xocalı soyqırımına həsr olunan elmi konfrans keçirilib

2023-cü il fevralın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunan “Xocalı Soyqırımı: Yaddaşlara həkk olunmuş qanlı tarix” mövzusunda elmi konfrans keçirilib. Konfransda Xocalıdan olan bir qrup məcburi köçkün, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar, iştirak edib.

Əvvəlcə, Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov otuz bir il əvvəl soyuq qış gecəsində xalqımıza qarşı xüsusi amansızlıqla törədilmiş qətliamın dünya tarixində baş vermis ən dəhşətli soyqırım hadisələrindən olduğunu qeyd edib. Bildirib ki, yalnız azərbaycanlı olduqları üçün qoca, qadın və uşaq demədən yüzlərlə insanlarımızı qəddarcasına qətlə yetirən ermənilərin vəhşi və faşist xisləti bir daha ifşa oldu.

Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayan rektor bu qanlı faciənin dünya ictimaiyyətinə tanıdılması istiqamətində həyata keçirilən dövlət tədbirlərinin, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə görülən işlərin əhəmiyyətli nəticələrindən danışıb. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən söhbət açan Ş.Bayramov Xocalı qurbanlarının qanlarının yerdə qalmadığını və ruhlarının şad olduğunu söyləyib.

Qan yaddaşımıza əbədi həkk olan Xocalı soyqırımının heç zaman unudulmayacağını bildirən rektor gənc nəslin maarifləndirilməsində və vətənpərvərlik ruhunda yetişdirilməsində bu istiqamətdə universitetdə keçirilən çoxsaylı tədbirlərin önəmindən bəhs edib. Konfransda Mingəçevirdə məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərin də iştirak etdiyini diqqətə çatdıran Ş.Bayramov dəvəti qəbul edib tədbirə qatıldıqları üçün onlara təşəkkürünü bildirib.

Sonra Xocalı Soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub və konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun müəllimlərindən Asim Məmmədov “Erməni terrorunun acı nəticəsi: Xocalı soyqırımı”, Tahirə Quliyeva “Xocalını unutmadıq, unutmarıq, unutdurmarıq”, Jalə Qasımova “Xocalı faciəsi Azərbaycan ədəbiyyatında” və Səadət Ağakişiyeva “Xocalı soyqırımı dünya mətbuatının gözü ilə” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdən sonra konfrans ədəbi-bədii hissə ilə davam edib.

Qeyd edək ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsini diqqətdə saxlayan MDU-da Vətən tarixinin qanlı və şanlı səhifələrinə həsr olunan tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.