Şahin Bayramov: Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək bütün vədlərinə əməl edən Lider kimi dünyada öz sözünü dedi (AZƏRTAC)

  • Рубрика записиMDU xəbərləri

AZƏRTAC, 24.12.2023

Hər bir xalqın qarşıya qoyduğu hədəflərə doğru inamla və qətiyyətlə irəliləməsində, firavan, etibarlı, dayanıqlı və təhlükəsiz inkişafının təmin edilməsində şəxsiyyət və lider amilinin böyük rolu vardır. Bu baxımdan Azərbaycanı dünyanın ən şanslı ölkələrindən olduğunu böyük fəxarət hissləri ilə deyə bilərik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov söyləyib.

Rektor qeyd edib: Müstəqilliyimizin son 30 illik tarixinə nəzər yetirərək əldə edilmiş möhtəşəm nailiyyətlərdə şəxsiyyət və liderlik amilinin nə dərəcədə önəmli paya sahib olduğunu aydın şəkildə görmək mümkündür. Həm Azərbaycanı müstəqil dövlət kimi məhv olmaqdan xilas edən, ölkəmizin hərtərəfli tərəqqisi yolunda titanik xidmətləri ilə ömrünü tamamilə xalqımızın gələcəyinə həsr edən Ümummilli Lider Heydər Əliyevin, həm də onun layiqli siyasi varisi, xalqımızın suveren inkişafı naminə verdiyi bütün vədləri yerinə yetirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin nümunəvi və misilsiz liderliyi bu konseptin milli və qlobal səviyyələrdə ən uğurlu aprobasiyalarından hesab edilir.

Ulu Öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu müasir müstəqil Azərbaycan son 20 il ərzində Prezident İlham Əliyevin yüksək intellekti, əzmi və cəsarəti, güclü siyasi qətiyyəti və iradəsi, böyük uzaqgörənliyi, zəngin idarəçilik təcrübəsi və məharəti sayəsində müstəqillik dövrünün ən qüdrətli dövlətinə çevrilmiş və beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini əhəmiyyətli dərəcədə gücləndirmişdir”.

Azərbaycanın iqtisadi, hərbi, sosial, diplomatiya və digər bütün sahələrdə davamlı artan gücünün, sarsılmaz xalq və dövlət birliyinin ölkəmizə şanlı zəfərlər qazandırmaqla ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasına imkan yaratdığını xatırladan Ş.Bayramov vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələri 30 il düşmən işğalı altında qalmış torpaqlarımızı 44 günə azad etdi. Eyni zamanda, Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində 24 saatdan az bir müddətdə düşmənin qanunsuz silahlı birləşmələrinin təslim edilməsi, terrorçuların cəzalandırılması ilə Azərbaycan gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək xalqımızın ən böyük arzusunu reallaşdıran və bütün vədlərinə əməl edən Lider kimi dünyada öz sözünü dedi. Prezident İlham Əliyevin müsahibələrin birində qeyd etdiyi kimi: “Əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və fəxr edirəm ki, bu məqsədlərə nail olunub”. Bu gün Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Şuşada, Xankəndidə, Xocalıda, Laçında və digər əzəli torpaqlarımızda Azərbaycan Bayrağının vüqarla dalğalanması olduqca qürurvericidir.

“Həmçinin böyük qürur duyuruq ki, hazırda Azərbaycanın artan gücü özünü işğaldan azad edilmiş doğma yurdlarımıza Böyük Qayıdışda göstərir. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepti ilə yaşayış məntəqələrinin yenidən qurulması, mərhələli məskunlaşmaya start verilməsi, enerji və logistika sahəsində modern infrastrukturun təmin edilməsi, eləcə də bölgənin sürətlə dirçəldilməsi istiqamətində həyata keçirilən digər bütün irimiqyaslı və sistemli tədbirlər məhz Azərbaycanın iqtisadi gücündən və bu torpaqların əsl sahibi olmasından xəbər verir. Bununla yanaşı, Şuşada, Xankəndidə, Suqovuşanda və işğaldan azad edilmiş digər bölgələrimizdə milli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, o cümlədən Qarabağ Universitetinin yaradılması xalqımızın doğma yurdlarına inkişaf etmiş mədəniyyəti, incəsənəti, elmi, təhsili və idmanı ilə qayıdışının və humanitar sahədə gücünün göstəriciləridir. Danılmaz həqiqətdir ki, bütün bunlar Prezident İlham Əliyevin regionda sülhə, təhlükəsizliyə və davamlı tərəqqiyə əsaslanan hərtərəfli inkişaf siyasətinin təntənəsidir.

Bu gün hər birimiz haqlı olaraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin, milli qürurumuzun xilaskarı, qalib xalqımızın qalib Lideri İlham Əliyevlə fəxr edirik”, – deyən rektor Mingəçevir Dövlət Universitetinin kollektivi adından dövlətimizin başçısını təbrik edib, ona möhkəm cansağlığı, ölkəmizin parlaq gələcəyi naminə əzmkar fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.