Mingəçevir Dövlət Universitetində qida təhlükəsizliyi sahəsində innovativ yanaşmaların təşviqi, yerli istehsalın inkişafına dəstək verilməsi və gənclərin bu istiqamətdə yaradıcı təşəbbüslərinin stimullaşdırılması məqsədilə “Yerli İstehsal və Qida Təhlükəsizliyi” mövzusunda hakaton keçirilib. Fizika və ekologiya kafedrası və İnformasiya Texnologiyaları kafedrasının birgə təşkilatçılığı ilə keçirilən tədbir tələbələrin qida istehsalı və təhlükəsizliyi ilə bağlı aktual problemlərə innovativ həllər təqdim etməsi üçün geniş imkan yaradıb.
Hakaton çərçivəsində iştirakçılar yerli istehsalın genişləndirilməsi, qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi və istehsaldan istehlaka qədər olan bütün mərhələlərdə təhlükəsizliyin təmin olunması istiqamətində müxtəlif layihələr hazırlayıblar. Tələbə komandaları kənd təsərrüfatı məhsullarının izlənməsi üçün rəqəmsal sistemlər, qida məhsullarının keyfiyyətinə nəzarət edən texnoloji həllər, logistika və təchizat zəncirinin optimallaşdırılmasına yönəlmiş platformalar, həmçinin yerli istehsalçıların bazara çıxış imkanlarını artıran innovativ modellər üzərində çalışıblar.
Tədbirin əsas məqsədi tələbələrin qida təhlükəsizliyi və yerli iqtisadi inkişaf mövzularına daha dərindən yanaşmasını təmin etmək, onları real problemlərin həlli üçün texnologiya əsaslı ideyalar irəli sürməyə təşviq etmək olub. İştirakçılar komandalar şəklində çalışaraq ideyalarını konsepsiya mərhələsindən layihə modelinə qədər inkişaf etdirib, onların praktik tətbiq imkanlarını və iqtisadi səmərəliliyini əsaslandıran təqdimatlar hazırlayıblar.
Hakatonun yekun mərhələsində iştirakçı komandalar hazırladıqları layihələri münsiflər heyətinə təqdim ediblər. Qiymətləndirmə zamanı layihələrin innovativliyi, tətbiq imkanları, qida təhlükəsizliyinə və yerli istehsalın inkişafına verə biləcəyi töhfə əsas meyarlar kimi nəzərə alınıb. Münsiflər heyəti tərəfindən seçilən ən perspektivli ideyalar xüsusi olaraq qeyd olunub və onların gələcək inkişafı üçün iştirakçılara müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində keçirilən bu kimi təşəbbüslər tələbələrin sosial-iqtisadi problemlərə yaradıcı və innovativ yanaşmasını təşviq edir, universitetdə startap və innovasiya mühitinin güclənməsinə mühüm töhfə verir. Bu tədbirlər gənclərin nəzəri biliklərini praktik layihələrlə birləşdirməsinə, eləcə də ölkənin iqtisadi və sosial inkişafına töhfə verə biləcək yeni ideyaların formalaşmasına imkan yaradır.