Şəhid Əzəmi Hüseynov: “ŞUŞAYA bayrağımızı sancacağam”
“Azərbaycan müəllimi”, 24.09.2021
Əzəmətli ŞƏHİD ömrü xatirələrdə
Mingəçevir Dövlət Universitetində (MDU) gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin çevik və səmərəli əlaqələndirilməsini həyata keçirən Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi (TVİM) şəhid məzunların tanıdılması, onların gənclər üçün örnək olan həyat hekayələrinin, şərəfli döyüş yollarının işıqlandırılması və gələcək nəsillərə ötürülməsi məqsədilə silsilə yazılarını davam etdirir. TVİM-in növbəti yazısı MDU-nun şəhid məzunu Hüseynov Əzəmi Əli oğluna həsr edilib.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər xalqımızın yaddaşında sonsuz fəxarət və qürur hissləri ilə əbədi yaşayacaqdır. Doğma Qarabağımızı işğaldan azad edərək otuzillik yurd həsrətinə son qoyan cəsur zabit və əsgərlərimiz canları və qanları bahasına yeni tariximizin şanlı səhifələrini yazdılar. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizdən biri də Əzəmi Hüseynovdur.
Daşıdığı adın haqqını verən, Şuşa həsrəti ilə böyüyüb boya başa çatan Ə.Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. Əzəminin ailəsi 1992-ci il mayın 8-də Şuşa şəhərinin erməni işğalına məruz qalması səbəbindən doğma yurdlarını tərk etməyə məcbur olmuş və Mingəçevirdə məskunlaşmışdır. Anası Sayad xanım o illəri belə xatırlayır: “Hələ dünyaya göz açmamış məcburi köçkün adı Əzəminin taleyinə qara səhifə kimi yazılmışdı. Şuşanın işğalı zamanı erməni vəhşiləri xeyli sayda vətəndaşlarımızı xüsusi amansızlıqla qətlə yetirdi, yüzlərlə körpələrimizi ata-anasız qoydular. Bir çox vətəndaşlarımızın taleyi bu günə qədər məlum olmamışdı. Onların arasında Əzəminin üzünü görə bilmədiyi yaxın qohumları da var idi”.
Özündən böyük üç bacısı olan Əzəmi ailənin yaşca ən kiçik övladı idi. Əzəmi adını ona atası Əli kişi qoymuşdu və sanki oğlunun əzəmətli bir ömür yaşayacağından əmin idi.
“Əzəmi ən dəyərli məzunlarımızdan biri kimi xatirəmizdə daim yaşayacaq”
Ə.Hüseynov 1999-2010-cu illərdə Mingəçevir şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta təhsilini bitirdikdən sonra 2010-cu ildə Mingəçevir Politexnik İnstitutunun (indiki Mingəçevir Dövlət Universiteti) Energetika fakültəsinə qəbul olub. Universitetdə təhsil aldığı müddətdə Əzəmi yüksək əxlaqi keyfiyyətləri və nümunəvi davranışları, vətənpərvər və nizam-intizamlı tələbə olması ilə yadda qalıb. Bir il Əzəmiyə dərs deyən və hazırda MDU-nun mühəndislik fakültəsinin dekan vəzifəsini icra edən Almaz Əliyeva universitetin qəhrəman məzununu xatırlayarkən onun yoxluğuna bir müəllim kimi hələ də inanmadığını deyir: “Əzəminin üzündən heç zaman təbəssüm əskik olmurdu. Bu gün də Əzəmi deyəndə onun qapını döyüb içəri daxil olmağı, xoş təbəssümlə “müəllimə necəsiniz?” deməyi gözümün önünə gəlir. Əzəmi mehriban, fədakar və dostcanlı tələbə idi.Bu gün onun yoxluğu bizi yandırsa da, şanlı tariximizin yazılmasında igidlik göstərən qəhrəman məzunumuzla qürur duyuruq”.
Əzəminin tələbəlik illərindən danışan MDU-nun “Xarici dillər” kafedrasının dosenti Vəfa Məhərrəmova onun haqqında keçmiş zamanda danışmağın çox ağır olduğunu bildirir: “Bu gün Əzəmi yoxmuş kimi danışmaq çətindir. O, yüksək əxlaqi keyfiyyətləri ilə seçilirdi, səliqəli, çalışqan və sakit təbiətli tələbə idi. Əzəmi ən dəyərli məzunlarımızdan biri kimi xatirəmizdə daim yaşayacaq. Şəhidlər ölməzdir”.
2014-cü ildə ali təhsilini bitirdikdən sonra Ə.Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanıb. Bir ildən sonra hərbi xidmətini başa vursa da, vətən sevgisi, Şuşa həsrəti onu bir ümidlə təkrar hərbiyə qaytarır. 2016-cı ildən Əzəmi könüllü olaraq Zaqatala rayonunda “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə baş çavuş kimi xidmətini davam etdirib və üç ildən sonra Mingəçevirdə fəaliyyətə başlayıb.
“Şuşalı balası kimi torpaqlarımızı azad edəcəyəm”
2020-ci ilin sentyabrın 27-də Vətən Müharibəsi başladığı gündən Ə.Hüseynov baş çavuş və sanitar təlimatçı kimi ordu sıralarına qoşulub. O, oktyabrın 8-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, göstərdiyi igidliyə və mərdliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Ə.Hüseynov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Sayad ana qəhrəman oğlunun şəhid xəbərindən bir gün əvvəl onunla telefonla danışdığını bildirir: “Oğlum şəhid olmazdan bir gün əvvəl mənimlə telefonla danışdı. Dedi, ana, narahat olma, hər şey yaxşıdır. Məni ürəkləndirdi. Amma bilməzdim ki, bu, onun son danışığı idi. Əslimiz şuşalıdır. Mənə deyərdi ki, ana, məni bu qədər çox istəmə, mən Vətənin balasıyam, bir şuşalı balası kimi torpaqlarımızı azad edəcəyəm, Şuşaya bayrağımızı sancacağam”.
“Əzəmi adı kimi əzəməti və cəsurluğu ilə seçilirdi”
Döyüş əməliyyatlarında Əzəmi ilə tanış olduğunu deyən Yevlax şəhər sakini, gizir Cahid Baxşəliyev onunla bağlı xatirələrini bölüşür: “Əzəmi adı kimi əzəməti və cəsurluğu ilə seçilirdi. Düşmənin hər həmləsində qorxmazlıq və igidlik nümayiş etdirirdi. Döyüşlərin ən qaynar nöqtələrində mərmilərin arasından yaralı döyüşçüləri çıxarır, onlara tibbi yardım göstərirdi. Yaralıları döyüş bölgəsində qoymamaq üçün əlindən gələni edirdi. Əzəmi vətənini və torpağını çox sevirdi. Torpaqlarımızın düşmən tapdağında olması ilə heç cür barışa bilmirdi. Tək arzusu illərdən bəri həsrətini çəkdiyimiz torpaqları azad etmək idi”.
Ə.Hüseynovun nizam-intizamlı olduğunu,verilən tapşırıqları düzgün və peşəkar şəkildə yerinə yetirdiyini deyən C.Baxşəliyev onun kimi igid və mərd Azərbaycan oğulları ilə birlikdə xidmət etməkdən böyük fəxr hissi keçirdiyini bildirir. Əzəminin hər zaman yoldaşlarını döyüşlərə ruhlandırmasından danışan gizir onun “Biz qələbəni xalqımıza yaşatmalıyıq, canımız və qanımız hesabına olsa belə” sözlərini xatırlayır.
Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə birlikdə iştirak etməsindən söz açan Cahid qəhrəmanımızın göstərdiyi igidlikdən bəhs edir: “O, bütün varlığı ilə özünü döyüşə vermişdi. Müharibə onun üçün qorxulu deyildi. Azad olunmuş bu torpaqlarda qardaşımın ayaq və qan izləri var. Döyüşlərin birində bizim dəstəni pusquya salmışdılar, çoxlu yaralılarımız var idi. Həmin an Əzəminin göstərdiyi igidliyi sözlə ifadə etmək mümkün deyil. Bir çox yaralı hərbiçimizi xilas etdi, yaralılarımızın ağrı və acılarını aradan qaldırdı. Şəhidlərimizin olmağı onu çox üzürdü, lakin digər tərəfdən torpaqlarımızın düşmən tapdağından azad olunmasından hədsiz sevinirdi”.
C.Baxşəliyev Əzəminin şəhid olduğu günü yaddaşından heç zaman silinməyəcəyini deyir: “Oktyabrın 8-i gününün səhəri idi. Əzəmi yoldaşlarına “nə dayanmışıq, qalxın, irəli gedək, yaralılarımızı, şəhidlərimizi neytral zonada qoya bilmərik, onları xilas etməliyik” deyib ayağa qalxdı. Elə bu an olduğumuz yeri düşmənlər ağır artilleriyadan və minaatanlardan atəşə tutdular. Qəlpələrdən biri Əzəmiyə dəydi və o, gözlərimin önündə şəhid oldu. Sanki həmin gün döyüşçü yoldaşımdan çox qardaşımı itirdim. Əzəmi hər birimizlə bir qardaş kimi davranırdı. Yalnız şəhadətə qovuşan bir insanın üzündə bu qədər nur və təbəssüm ola bilərdi. Şəhadətin mübarəkdir, qardaş!”.
“Əzəmi Zirvəsi”
Mingəçevirdə Əzəmi ilə birlikdə hərbi xidmətdə olan Elşən Şükürov hələ Zaqatalada hərbi təlimlər zamanı onun döyüş bacarıqlarına görə fərqləndiyini qeyd edir: “Zaqatalada hərbi təlimlərdə heç birimizin qalxa bilmədiyi bir yüksəklik vardı. Ora təkcə Əzəmi qalxmışdı deyə, komandirimiz həmin zirvənin adını “Əzəmi Zirvəsi” qoymuşdu”.
Əzəminin qorxmaz və cəsur davranışlarının, əsgərlərə göstərdiyi diqqət və köməyin, qələbə üçün etdiyi duaların döyüşqabağı böyük ruh yüksəkliyi yaratdığını bildirən E.Şükürov onun şəhidlik məqamına yüksəldiyi anı belə xatırlayır: “Şəhid olan günü çox qayğılı görünürdü. Sanki şəhid olacağını hiss etmişdi. Yaralılarımızı və şəhidlərimizi atəş bölgəsindən çıxarmağa tələsirdi. Birdən mərmi düz yanımıza düşdü. Həmin an qardaşımız şəhid oldu və mən yaralandım. Onu itirmək mənə çox pis təsir etdi. Hələ də onun yoxluğuna inanmıram. Elə gün olmur ki, Əzəminin adı hərbi hissədə qeyd olunmasın. Allah məkanını cənnət eləsin”.
“Ömür-gün yoldaşım müqəddəs amallar uğrunda şəhid oldu”
MDU-nun qəhrəman məzunu Ə.Hüseynovun həyat yoldaşı Minayə Hüseynova hazırda universitetdə yeni fəaliyyətə başlamış Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru vəzifəsində çalışır.
Ailə həyatı qurmazdan öncə, Əzəmi ilə həm sinif yoldaşı, həm tələbə yoldaşı, həm də yaxın dost və sirdaş olduğunu deyən M.Hüseynova onun əziz xatirəsini daim yaşadacağını bildirir: “Əzəmi haqqında günlərlə, aylarla danışsam, yenə də sözlərim bitməz. Onun şəhid xəbərini eşidəndə bütün həyat mənim üçün dayandı.Lakin, zaman keçdikcə Əzəminin necə yüksək bir məqama ucaldığını anladım. Bu müharibədə ömür-gün yoldaşım müqəddəs amallar uğrunda şəhid olduğu kimi, mən də həyatımı yeni tariximizin şanlı səhifələrini yazan qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi və onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi işinə həsr etməyi özüm üçün vətəndaşlıq borcu hesab edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Artıq Vətən müharibəsinin başlanmasının bir ili tamam olur. Azərbaycan xalqı şəhidlərini daim dərin hörmət və ehtiramla yad edir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş Əzəmi kimi qəhrəman oğullarımız müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi hesab edilir.
Önündə diz çöküb baş əyirik biz,
Can verib can verdin daşa, torpağa.
İndi ürəklərdir sənin Vətənin,
Döndün könüllərdə enməz bayrağa
Qeyd edək ki, hər birimizə sonsuz sevinc və fəxarət hissləri bəxş edən tarixi zəfər yürüşündə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhdilik zirvəsinə ucalıb.
Mingəçevir Dövlət Universiteti
Центр патриотического развития студентов