MDU-da akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd edilib

2023-cü il dekabrın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun Təhsil fakültəsinin bir qrup akademik və inzibati heyət üzvü, tələbələr və magistrantlar iştirak edib.

Tədbirin açılışında çıxış edən Təhsil fakültəsinin dekanı Nizami Zeynalov və Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına diqqəti çəkərək görkəmli tarixçi və şərqşünas alimin ölkəmizdə tarix elminin inkişafına dəyərli töhfələr verdiyini vurğulayıb, onun vətənpərvər ziyalı mövqeyindən bəhs ediblər.

Sonra AMEA-nın Tarix İnstitutunun “Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Şahin Fərzəliyevin video formatda çıxışı dinlənilib. Akademiklə bağlı xatirələrindən bəhs edən Ş.Fərzəliyev Ziya Bünyadovun keçdiyi zəngin elmi yaradıcılıq yolundan, ölkədə elmi məktəb formalaşdıraraq şərqşünaslıq və tarix elmlərinin inkişafına göstərdiyi xidmətlərdən danışıb.

Dəyirmi masa MDU-nun “Tarix müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələri Mehriban Qarayeva, Nərgiz Rəsulzadə, Səidə Quliyeva, Gülmirə Kazımova, Sübhan Camalov, İlahə İbrahimova,  Heydər Qafarlı, Tural Nağızadə və Vəfa Məmmədovanın  çıxışları ilə davam edib. Çıxışlarda tələbələr akademik Ziya Bünyadovun həyatı, elmi fəaliyyəti, türkoloji yaradıcılığı, tarixi saxtalaşdırmalara qarşı mübarizəsi və ulu öndər Heydər Əliyevin görkəmli alimlə bağlı fikirlərindən bəhs ediblər.

Maraqla qarşılanan çıxışlardan və müzakirələrdən sonra, tədbir iştirakçıları akademik Ziya Bünyadovun elmi fəaliyyətinə həsr olunan videoçarx izləyiblər.

Qeyd edək ki, MDU-da Azərbaycanın görkəmli şəxsiyyətləri və elm xadimlərinin yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verilir, onların nümunəvi həyat və yaradıcılıq fəaliyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.