Mingəçevir Dövlət Universitetində tələbələrin karyera inkişafı və əmək bazarına inteqrasiyasına yönəlmiş silsilə seminarlar keçirilib

14 may 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə tələbələrin şəxsi və peşəkar inkişafını, eləcə də əmək bazarına hazırlığını gücləndirmək məqsədilə “Karyera planlaması və fərdi potensialın inkişafı” və “Əmək bazarı və CV/Resume hazırlanması” mövzularını əhatə edən silsilə seminarlar təşkil olunub.

Seminarlar Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının nümayəndələri – Xidmət inkişafı şöbəsinin baş mütəxəssisi Aytən Rəşidli və böyük mütəxəssisi Arzu Xəlilova tərəfindən təqdim edilib. Tədbirlər çərçivəsində tələbələrə müasir əmək bazarının tələbləri, uğurlu karyera yolunun planlaşdırılması, məqsədlərin düzgün müəyyənləşdirilməsi, fərdi bacarıq və potensialın qiymətləndirilməsi, eləcə də effektiv CV/Resume hazırlanmasının əsas prinsipləri barədə ətraflı məlumat verilib.

İnteraktiv müzakirələr zamanı iştirakçılar öz güclü tərəflərini müəyyənləşdirməyin, fərdi inkişaf planı hazırlamağın və uzunmüddətli karyera hədəflərinə sistemli şəkildə nail olmağın əhəmiyyəti barədə maarifləndirilib. Eyni zamanda, CV-də məlumatların düzgün və strateji təqdim olunması, fərqləndirici üstünlüklərin vurğulanması və tez-tez rast gəlinən səhvlərin aradan qaldırılması yolları praktiki nümunələrlə izah edilib.

İnteraktiv formatda keçirilən tədbirlər tələbələrin analitik düşüncə, ünsiyyət və qərarvermə bacarıqlarının inkişafına, onların dəyişən əmək bazarının çağırışlarına daha çevik uyğunlaşmasına şərait yaradıb. Təlimlərdə həmçinin gələcək yönümlü bacarıqların, rəqəmsal savadlılığın və davamlı peşə inkişafı yanaşmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində bu istiqamətdə həyata keçirilən təşəbbüslər tələbəyönümlü təhsil mühitinin gücləndirilməsinə, insan kapitalının inkişafına və məzunların məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edir. Universitetin bu kimi fəaliyyətləri ali təhsildə keyfiyyət göstəricilərinin yüksəldilməsinə, institusional inkişafın sürətləndirilməsinə və beynəlxalq qiymətləndirmə meyarları baxımından rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir.