Mingəçevir Dövlət Universitetinin qiyabi formada təhsil alan tələbələri Malayziya və Almaniyada təhsil imkanları barədə məlumatlandırılıb

2026-cı ilin 11 iyun tarixində Mingəçevir Dövlət Universitetində “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi” çərçivəsində tələbələr üçün xaricdə təhsil imkanlarına həsr olunmuş növbəti infosessiyalar təşkil olunub.

Universitetin beynəlxalqlaşma strategiyasına uyğun olaraq keçirilən infosessiyalar hibrid formatda baş tutub və “Microsoft Teams” platforması üzərindən onlayn şəkildə həyata keçirilib. Tədbirlərin əsas məqsədi tələbələrin xaricdə təhsil, beynəlxalq mübadilə, təqaüd proqramları və qlobal akademik mühit barədə məlumatlılığını artırmaq, onların gələcək təhsil və karyera planlarının formalaşmasına dəstək göstərmək olub.

İnfossesiyalar zamanı MDU-nun xaricdə mübadilə proqramlarında iştirak edən tələbələrinin təəssüratlarından ibarət videoçarx nümayiş etdirilib.

Günün ilk infosessiyası Malayziyanın aparıcı ali təhsil müəssisələrindən biri olan INTI Beynəlxalq Universitetinin nümayəndələrinin iştirakı ilə keçirilib. Sessiya zamanı INTI-də təhsil imkanları, bakalavr və magistr proqramları, qəbul prosedurları, kampus həyatı, tələbələr üçün təqdim olunan akademik və sosial dəstək xidmətləri barədə ətraflı məlumat verilib.

Təqdimatda, həmçinin Study Tour proqramları və tələbə mobilliyi imkanları diqqətə çatdırılıb. İştirakçılara beynəlxalq təcrübə qazanmağın üstünlükləri, xaricdə təhsilə hazırlıq mərhələləri, uyğun proqram seçimi, akademik uyğunlaşma və beynəlxalq təhsil mühitinə inteqrasiya prosesinin vacib məqamları izah olunub.

İnfosessiya çərçivəsində İspaniya, Çexiya və Türkiyədə təhsil alan tələbələrin təcrübələrini əks etdirən videoçarxlar da nümayiş etdirilib. Təqdim olunan materiallar iştirakçılarda müxtəlif ölkələrin ali təhsil sistemləri, beynəlxalq akademik mühit və tələbə həyatı haqqında daha geniş təsəvvür yaradıb. Xaricdə təhsil alan tələbələrin şəxsi təcrübələri isə bu istiqamətdə marağı olan gənclər üçün motivasiyaedici nümunə kimi qarşılanıb.

Sonra, “German Academic Exchange Service” — DAAD tərəfindən Almaniyada təhsil və təqaüd imkanlarına həsr olunmuş növbəti infosessiya keçirilib. Sessiyada Claudio Kasperl çıxış edərək Almaniyanın ali təhsil sistemi, qəbul prosedurları, müraciət qaydaları və beynəlxalq tələbələr üçün mövcud akademik imkanlar barədə iştirakçılara geniş məlumat təqdim edib.

Bununla yanaşı, DAAD-ın fəaliyyət istiqamətləri, magistratura səviyyəsi üzrə təqaüd proqramları, yay məktəbləri, seçim meyarları və maliyyələşmə imkanları tələbələrin diqqətinə çatdırılıb. Sessiya çərçivəsində Almaniyada təhsil almaq istəyən gənclər üçün praktiki tövsiyələr verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Hər iki infosessiya tələbələr tərəfindən maraqla qarşılanıb. Tədbirlər aktiv müzakirələr, sual-cavab və interaktiv fikir mübadiləsi ilə yadda qalıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin beynəlxalq təhsil imkanlarına çıxışının genişləndirilməsi, onların akademik və peşəkar inkişafının dəstəklənməsi, eləcə də qlobal təhsil məkanına inteqrasiyasının təşviqi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Bu cür infosessiyalar MDU-nun beynəlxalqlaşma siyasətinin mühüm tərkib hissəsi olmaqla tələbələrin dünyaya açıq, rəqabətqabiliyyətli və müasir bacarıqlara malik mütəxəssis kimi formalaşmasına xidmət edir.