Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib

 

2021-ci ilin 27 dekabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə “Qarabağda quruculuq işlərində gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən dəyirmi masada hər iki universitetin tələbə və magistrantları iştirak ediblər.

Dəyirmi masada BDU-dan Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə, MDU-dan Tələbə Gənclər Təşkilatının sədri Pənah Kərimov və tələbələrdən Türkay Cəfərli, Günay Əhmədova və Səma Süleymanova çıxış ediblər.

Dəyirmi masada Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfərdən sonra ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu, regionda yeni geosiyasi və geoiqtisadi reallıqların yarandığı bildirilib. Dövlət başçısının tapşırıqları əsasında işğaldan azad edilmiş doğma torpaqlarımızda sürətlə aparılan genişmiqyaslı quruculuq işlərinin bölgədə sülhə, təhlükəsizliyə və tərəqqiyə xidmət etdiyi diqqətə çatdırılıb. Həm şanlı Qələbənin əldə edilməsi, həm də uzunmüddət ərzində erməni vandalizminə məruz qalmış ərazilərin bərpası və inkişafı prosesində gənclərin fəal rolundan bəhs edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi məqsədilə dövlət tərəfindən həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərdə gənclərin töhfə verə biləcəyi istiqamətlər və imkanlar üzrə geniş fikir mübadiləsi aparılıb.

Sonda tərəfdaş universitetlərin tələbə gəncləri arasında belə bir aktual mövzuda tədbirin keçirilməsindən məmnunluğunu bildirən dəyirmi masanın iştirakçıları göstərilən dəstəyə görə hər iki universitetin rəhbərliyinə təşəkkürlərini bildirib və bu cür təşəbbüslərin davamlılığını arzulayıblar.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin qabaqcıl və ən qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Sözügedən əməkdaşlığın intensivliyinin və nəticəyönümlüyünün daha da artırılması məqsədilə cari tədris ilindən etibarən hər iki universitet tərəfindən çoxşaxəli birgə fəaliyyət planı həyata keçirilir. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına töhfə verməyi hədəfləyən bu fəaliyyət planı ustad dərsləri, konfranslar, dəyirmi masalar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.

{phocagallery view=category|categoryid=826|limitstart=0|limitcount=0}