Mingəçevir Dövlət Universitetində dayanıqlı şəhər inkişafına həsr olunmuş elmi-praktik seminar keçirilib

2026-cı ilin 6 mart tarixində Mingəçevir Dövlət Universitetind Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dayanıqlı şəhər inkişafında biosferin rolu: Ekoloji arxitektura və yaşıl texnologiyalar” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminarda universitetin professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər. Tədbir çərçivəsində dayanıqlı şəhər inkişafı, ekoloji memarlıq, yaşıl texnologiyalar və biosferin qorunması məsələləri üzrə aktual mövzular ətrafında məruzələr təqdim olunub.

Seminarda 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Ülkər Paşayeva “Yaşıl texnologiyaların tətbiqi ilə şəhər ekosistemlərində ‘Sıfır emissiya’ hədəfləri: Bərpa olunan enerjinin ekoloji səmərəlilik indeksi”, Fizika və ekologiya kafedrasının müəllimi Aysel Bayramova “Urbanizasiya şəraitində biosferin struktur-funksional bütövlüyünün qorunması: Dayanıqlı şəhərsalmanın ekoloji paradiqmaları”, EMM-24 qrupunun magistrantı Nuray Mustafazadə “Ekoloji memarlıqda ‘Yaşıl infrastruktur’ elementlərinin şəhər biomüxtəlifliyinə və mikroiqliminə bərpaedici təsiri”, Fizika və ekologiya kafedrasının müəllimi Gülmirə Məmmədova isə “Mingəçevir şəhərinin ekoloji karkasının optimallaşdırılmasında landşaft arxitekturasının və su hövzələrinin biosfer-qoruyucu funksiyaları” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələrdə şəhər mühitində ekoloji balansın qorunması, yaşıl texnologiyaların tətbiqi, biosfer resurslarının səmərəli istifadəsi və urbanizasiya şəraitində dayanıqlı inkişafın təmin olunması məsələləri geniş şəkildə təhlil edilib.

Tədbirin sonunda iştirakçılar arasında interaktiv müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf, ekoloji maarifləndirmə və yaşıl texnologiyaların təşviqi istiqamətində mütəmadi olaraq elmi-praktik tədbirlər təşkil olunur və bu istiqamətdə gənc tədqiqatçıların fəal iştirakı dəstəklənir.