MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edildi

  • Рубрика записиBeynəlxalq

2024-cü ilin martın 18-də Mingəçevir Dövlət Universiteti (MDU), Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) və Kayseri Universitetinin birgə təşkilatçılığı ilə Çanaqqala Zəfərinin 109-cu ildönümü və Şəhidləri Anma Gününə həsr olunan panel keçirilib. Onlayn formatda təşkil olunan paneldə təşkilatçı universitetlərin akademik-inzibati heyət üzvləri, tələbələr, magistrantlar və doktorantlar iştirak edib.

Tədbirin açılışında çıxış edən AHBVU Turizm fakültəsinin dekanı, professor İrfan Yazıcıoğlu və MDU rektorunun müşaviri Hamiz Mahmudov türk dünyasının tarixinə qızıl hərflərlə yazılmış Çanaqqala Zəfərinin ildönümü münasibətilə təbriklərini çatdırıblar. Atatürkün öndərliyində şanlı Zəfərin qazanılmasında canını fəda etmiş bütün şəhidlərin əziz xatirəsinin hər zaman dərin hörmət və ehtiramla anılıdığını bildiriblər. Türk dünyasının qəhrəmanlıq və fədakarlıq dastanına çevrilmiş Çanaqqala Zəfərinə həsr olunmuş dördtərəfli panelin önəmi vurğulanaraq, məruzəçilərə və tədbirin təşkilində əməyi olanlara minnətdarlıq ifadə olunub.

Açılış nitqindən sonra H.Mahmudovun moderatorluğu ilə panel çıxışlara başlanılıb.

Kayseri Universitetinin prorektoru, professor Zeki Tekin “Çanaqqala Zəfəri Türk Dünyasının qəhrəmanlıq və fədakarlıq dastanıdır”, Qazi Universitetinin dosenti Sinan Demirtürk “Çanaqqala Zəfərinin Türk və İslam Dünyasına təsirləri”, MDU-nun dosenti Esmira Cəfərova “Çanaqqala Zəfəri: Türk tarixinin şanlı səhifəsi”, AHBVU-nün dosenti Nasrullah Uzman “Çanaqqala Zəfəri ve Azərbaycan Türkləri” və  MDU-nun dosenti Asim Məmmədov “Çanaqqala Zəfərindən Qarabağ Zəfərinə: Azərbaycan-Türkiyə qardaşlığı” mövzularında çıxış ediblər.

Maraqla qarşılanan çıxışlardan sonra panel müzakirələrlə davam edib.

Qeyd edək ki, MDU-da qardaş ölkənin tərəfdaş universitetləri ilə tarixi günlərə həsr olunmuş birgə tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.