FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə Mingəçevir Dövlət Universitetində maarifləndirmə tədbiri keçirib.
Tədbirdə ali təhsil ocağının rəhbər heyəti, müəllim və tələbələri iştirak edib.
Tədbirdə yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi aidiyyəti vəzifəli şəxslərin diqqətinə çatdırılıb. Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.