Mingəçevir Dövlət Universitetinin Ekologiya ixtisası üzrə təhsil alan tələbələri tərəfindən universitet şəhərciyinin rəqəmsal iqlim modeli hazırlanıb.
Tələbələr müasir laboratoriya avadanlıqları və PASCO elmi sensor texnologiyalarından istifadə etməklə kampus ərazisində kompleks mikroiqlim monitorinqi həyata keçiriblər. Tədqiqat çərçivəsində universitet şəhərciyinin müxtəlif nöqtələrində temperatur, nisbi rütubət, atmosfer təzyiqi və şeh nöqtəsi kimi meteoroloji göstəricilər ölçülərək statistik analiz olunub və rəqəmsal model formalaşdırılıb.
Araşdırma universitet şəhərciyində ilin 4 fəsli — qış, yaz, yay və payız mövsümləri üzrə aparılıb. Tədqiqat nəticəsində kampusun fəsillər üzrə dəyişən iqlim dinamikası müəyyən edilib, istilik və rütubət balansı arasındakı əlaqələr təhlil olunub. Eyni zamanda, əldə olunan nəticələr universitet şəhərciyində gələcək ekoloji planlaşdırma, yaşıllaşdırma işlərinin elmi əsaslarla təşkili və mikroiqlimin idarə olunması baxımından mühüm məlumat bazası kimi qiymətləndirilir.
Layihə tələbələrin nəzəri biliklərini praktik müstəviyə tətbiq etməsi, müasir sensor texnologiyaları ilə işləmə bacarıqlarının inkişafı və tətbiqi elmlərə marağın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.