2024-cü il mayın 7-də Mingəçevir şəhərində Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “LevelUP” Karyera Forumu baş tutub.
Tədbirdə MDU-nun rektoru Şahin Bayramov və GİKM-in Mərkəzi Aran Regional nümayəndəliyinin koordinatoru Elvin Əjdərli çıxış edərək, forumu açıq elan ediblər.
İki paneldən ibarət olan Forum “Şəxsi inkişaf” və “Karyera və biznes” istiqamətlərini əhatə edib. Forumda moderator qismində GİKM-in Mərkəzi Aran Regional nümayəndəliyinin Mingəçevir bölməsinin mütəxəssisi Samrin Xanlayev və Mərkəzi Aran Regional nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Cavadova çıxış edib.
Forumun I panelində “Müvəffəqiyyətli karyera yolu: məqsədə yönələn planlar və təcrübələr” mövzusu üzrə I paneldə – MDU-nun rektoru Şahin Bayramov, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, “Kapital Bank” ASC-nin Mingəçevir filialının müdiri Elşən Qasımov iştirak edib.
Forumun II panelində isə “Karyera quruculuğunun ana xətti: addımlar, çətinliklər və nəticələr” mövzusu ilə spiker qismində MDU-nun Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov, Karyera məsləhətçisi, təlimçi Orxan Əliyev və “Veysəloğlu” MMC-nin İnsan Resursları üzrə biznes tərəfdaşı Orxan Mahmudov çıxış edib.
Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb. Forum çərçivəsində təkliflər planı hazırlanıb və planın həyata keçirilməsi istiqamətində tədbirlərin görüləcəyi bildirilib.
Forumun keçirilməsində əsas məqsəd karyera planlaması üzrə peşəkarları bir araya toplayaraq, gənclərin bilik və bacarıqlarını artırmaq, bu sahədə region gəncləri üçün əlçatan mexanizm formalaşmasına töhfə verməkdir.
Qeyd edək ki, “LevelUP” Karyera Forumunun respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclər üçün də keçirilməsi planlaşdırılır.