MDU əməkdaşları məktəblilərlə “Uşaq hüquqları aylığı” çərçivəsində seminar keçiriblər

  • Рубрика записиMDU xəbərləri

30 oktyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunan “Uşaq hüquqları aylığı”na həsr olunmuş elmi-praktik seminar keçiriblər. Tədbir Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbində baş tutub.
Seminarın moderatoru, MDU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Fərəh Cəlil tədbiri açaraq uşaqların hüquqlarının qorunması, onların maarifləndirilməsi və hüquqi biliklərinin artırılmasının əhəmiyyətindən danışıb.
Tədbirdə əvvəlcə uşaq hüquqlarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra MDU əməkdaşları – MDU-nun hüquqşünası Polad Atayev “Uşaq hüquqları, növləri və pozulduğu hallarda hüquqi məsuliyyət”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva “Zorakılığa yox: psixoloji müdafiə bacarıqları”, həmin kafedranın müəllimi Aydın Kərimov isə “Kiçik ürəklərin böyük hüquqları” mövzusunda çıxış ediblər.
Seminarın sonunda məktəblilərlə müzakirələr aparılıb, onların sualları cavablandırılıb və uşaq hüquqları ilə bağlı maarifləndirici söhbətlər keçirilib.
Qeyd edək ki, il ərzində MDU-da “Konstitusiya və Suverenlik ili çərçivəsində müxtəlif tədbirlər keçirilir.