MDU-da “Sənayenin təşkili və idarəetmə” kafedrasının təşkilati dəstəyi ilə elmi seminar keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

MDU-da “Sənayenin təşkili və idarəetmə” kafedrasının

təşkilati dəstəyi ilə elmi seminar keçirilib

13 may 2019-cu il tarixdə Mingəçevir Dövlət Universitetində “Sənayenin təşkili və idarəetmə” kafedrasının təşkilati dəstəyi ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyəti haqqında” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dosent Emiliya Hüseynova açıb. Bildirib ki, son on ildə Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar, yaradılmış iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, insan kapitalı, infrastruktur, əhalinin sosial rifahının yaxşılaşma səviyyəsi, habelə normativ-hüquqi qanunvericilik və institusional baza ölkəmizə davamlı inkişafa keçidi mühüm bir məsələ kimi qarşıya qoymuşdur.

Emiliya Hüseynova qeyd edib ki, eyni zamanda, qlobal maliyyə böhranı və son iki ildə dünya bazarında xam neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, manatın devalvasiyası, milli iqtisadiyyatın inkişafında neft amilinin rolunun məhdudlaşması, ticarət tərəfdaşlarımız olan ölkələrdə ÜDM-in azalması nticəsində respublikamızın tədiyyə balansının və qeyri-neft büdcə kəsirinin çoxalması, bütövlükdə iqtisadi inkişafın xarakterinə qlobal təzyiqlərin artması, iqtisadi inkişafın amillərini, meyarlarını, hərəkətverici qüvvələrini, prinsiplərini, reallaşma mexanizmlərini deformasiyaya uğratmaqla davamlı inkişaf baxımından müvafiq strateji yol xəritəsinin işlənib hazırlanması və reallaşdırılmasını obyektiv zərurətə çevirdi.

Emiliya Hüseynova bildirib ki, bütün bunlara əsaslanaraq ölkə Prezidenti İlham Əliyevin  16 mart 2016-cı il tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” qəbul olundu. Bu yol xəritəsində ilk dəfə olaraq iqtisadi və sosial inkişafın ahəngdarlığının, indiki və gələcək nəsillərin maraq və mənafelərinin vəhdət halında həll edilməsi, habelə iqtisadiyyatın inklyuzivliyinin artırılması strateji bir vəzifə kimi qarşıya qoyuldu. 

Sonra məruzələr dinlənildi. “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dosent Emiliya Hüseynova “Strateji yol xəritələrindən irəli gələn vəzifələrin 2017-2018-ci illər üzrə yerinə yetirilməsinin ümumu nəticələri” mövzusunda çıxış etdi. Bildirdi ki, yol xəritələrinin icrası, habelə iqtisadi sferada müxtəlif fəaliyyət istiqamətləri üzrə qəbul edilən digər strateji planların, o cümlədən Dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının həmin xəritələrlə uzlaşdırılmasının nəticəsidir ki, qlobal iqtisadi böhranın Azərbaycana təsiri minimuma endirilmiş, ölkəmizin dayanıqlı sosial, iqtisadi inkişafı təmin olunmuş, eyni zamanda iqtisadi potensialı daha da gücləndirilmişdir.

Emiliya Hüseynova qeyd etdi ki, ölkədə makroiqtisadi sabitliyin qorunması, iqtisadi dinamikliyin təmin edilməsi, insan kapitalının inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirləri əhatə edən milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi ilə yanaşı, iqtisadiyyatın 11 sektoru – neft və qaz sənayesi (kimya məhsulları daxil olmaqla), kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırma, ixtisaslaşmış turizm sənayesi, logistika və ticarət, uyğun qiymətə mənzil təminatı, peşə təhsili və təlimi, maliyyə xidmətləri, telekommunikasiya və informasiya texnologiyaları, kommunal xidmətlər (elektrik və istilik enerjisi, su və qaz) üzrə hazırlanmış yol xəritələri üzrə sistemli tədbirlərin həyata keçirilməsi ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini vermişdir. Yol xəritələrinin qəbulundan sonrakı illər ərzində ölkə iqtisadiyyatının vəziyyətini xarakterizə edən statistik göstəricilər onu deməyə əsas verir ki, neft gəlirlərinin düzgün idarə edilməsi hesabına sosial və iqtisadi infrastrukturun qurulması, yüksək yığım və nisbətən kiçik xarici borc, yoxsulluğun azaldılması, özəl sektorun ÜDM-də payının yüksək həddə çatdırılması və biznes mühitinin yaxşılaşdırılması sahəsində Azərbaycanda mühüm uğurlar əldə edilmişdir.

Sonra kafedranın baş müəllimi Təranə Səfərova “Strateji yol xəritəsi çərçivəsində maşınqayırmanın inkişafı və regional bazarlarda payının artırılması potensialı” mövzusunda çəıxış etdi. Qeyd etdi ki, “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2020-ci ilədək ağır sənaye və maşınqayırma sektoruna strateji baxış aşağı və orta dəyər məhsulları seqmentində ağır sənaye və maşınqayırma müəssisələrinin daxili iri istehlakçıların ehtiyaclarının daha böyük hissəsini ödəmələrinə nail olmaq, regional bazarda Azərbaycan məhsullarının payını artırmaqdır.

Təranə Səfərova bildirdi ki, bu dövrdə strateji baxışa uyğun olaraq cari dəyər zənciri boyu ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün ağır sənaye və maşınqayırma sahəsi iqtisadiyyatın təməl sütunlarından birinə çevriləcəkdir. Strateji Yol Xəritəsinin başlıca məqsədi mövcud resurslar nəzərə alınmaqla ağır sənaye, maşınqayırma sektorunda müasir tənzimləmə və təşviq siyasəti tətbiq edilməklə qeyri-neft sənayesinin dinamik inkişafı vasitəsilə ölkə iqtisadiyyatının diversifikasiyasına, ağır sənaye və maşınqayırma sahəsində əlavə dəyərin və məşğulluğun artırılmasına, ətraf mühitin qorunmasına və nəticədə, dayanıqlı iqtisadi inkişafa nail olmaqdan, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.

Təranə Səfərova qeyd etdi ki, hazırda neft və qaz sənayesinin dəyər zəncirində xeyli ağır sənaye və maşınqayırma məhsulundan istifadə olunur. Onlardan bəzilərinin, məsələn, buruq, nasos, kompressor, daşıma və emal üçün maşın və avadanlıqların Azərbaycanda istehsal olunmasına baxmayaraq, neft-qaz sektorunun dəyər zəncirinin bütün seqmentlərində yerli istehsalın iştirakının genişləndirilməsi üçün potensial mövcuddur. Elektrik maşın və avadanlıqları istehsalı sahəsində də oxşar vəziyyət mövcuddur. Ötürücü və paylama sisteminin təşkilində Azərbaycanın müəyyən maşın və avadanlıqları iştirak edir, lakin elektrik enerjisinin istehsalı və pərakəndə satış mərhələlərində də ölkənin milli maşın və avadanlıqla iştirak potensialı vardır. Bununla belə, ölkədə inkişaf etmiş neft-qaz sektoru kimi iri təchizatçının olmasına baxmayaraq, maşınqayırma sektorunun daha da inkişafı üçün potensial imkanlar mövcuddur. Qeyd edilən tədbirlərin tam həcmdə icrasının 2020-ci ildə real ÜDM-in 145 milyon manat artmasına və 5700 yeni iş yerinin açılmasına səbəb olacağı proqnozlaşdırılır.

“Azərbaycanda ərzaq təhlükəsizlyinin təmin edilməsində aqrar sahənin rolunun artırılması istiqamətləri” mövzusunda çıxış edən “Sənayenin təşkili və idarəetmə” kafedrasının baş müəllimi, i.f.d. Ruhiyyə Hüseynova qeyd etdi ki, əhalinin ərzaqla davamlı təminatı, onun hamı üçün əlçatan və təhlükəsiz olması hər bir dövlətin sosial sahədə həyata keçirdiyi başlıca vəzifələrindən biridir.

Ruhiyyə Hüseynova bildirdi ki, ölkənin ərzaq təhlükəsizliyinə yalnız ərzaq məhsullarının istehsal həcminin artırılması və onların bazarda zəruri miqdarda mövcudluğu kimi deyil, həm də bu ərzaq məhsullarının əlçatanlığı, istehlakçıların onları əldə etmək üçün zəruri həcmdə gəlirə malik olması imkanı, ərzağın keyfiyyətcə lazımi tələblərə cavab verməsi kimi amillərin zəruriliyi bu iki yanaşmanın bir-birinə zidd olduğunu göstərir.

R.Hüseynova ərzaq təhlükəsizliyinin təminatının üç əsas şərti olduöunu bildirdi – ölkədə zəruri miqdarda ərzağın mövcudluğu, ərzağın əldə edilməsi üçün ev təsərrüfatlarının kifayət qədər gəlirlərə malik olması və ərzaq məhsullarının keyfiyyətinin tələblərə cavab verməsi xüsusi əhəmiyyətə malikdir. Bu şərtlərin hər biri üzrə ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsi çox zəruridir. Bu şərtlərin hər birinin formalaşmasında ölkə iqtisadiyyatının bütün fəaliyyət sahələrinin özünəməxsus rolu vardır.

Ruhiyyə Hüseynova bildirdi ki, araşdırmalar göstərir ki, yerli istehsalın artırılmasının əsas problemləri kimi dövlətin iqtisadi maraqlarının qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və daxili bazarın xarici təsirlərdən qorunması vacib sayılır. Yerli məhsulların istehsalının artırılması kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının və onun tələb olunan səviyyəyə çatdırılmasında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi ilə sıx bağlıdır. Ərzaq təminatında yaranan problemlər ölkə əhalisinin ərzaq təhlükəsizliyinə mənfi təsir etməklə bərabər, dövlətin iqtisadi maraqlarına və siyasi suverenliyinə də öz mənfi təsirini göstərir. Beləliklə, ərzağın əldə edilməsinin mümkünlüyü şərti üzrə aqrar sahənin rolunun artırılması hər şeydən əvvəl regionlarda ev təsərrüfatlarının gəlirlərinin artırılmasından ibarətdir.

Sonra “Sənayenin təşkili və idarəetmə” kafedrasının baş müəllimi Təranə Əliyeva “Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması istiqamətində görülmüş işlər” mövzusunda çıxış edib. Bildirib ki, Bazar iqtisadiyyatının mühüm tərkib hissəsi olan sahibkarlıq milli iqtisadiyyatın modernləşdirilməsinin obyektiv şərti sayılır, iqtisadi artım tempinə, ümumi daxili məhsulun strukturuna və keyfiyyətinə əhəmiyyətli təsir göstərir, hormonik ictimai inkişafa səbəb olur.

Təranə Əliyeva qeyd edib ki, kiçik sahibkarlıq bazar iqtisadiyyatı şəraitində təsərrufatçılığın elə mühüm subyektidir ki, istehsal və sosial funksiyalarla yanaşı məşğulluq, innovasiya və tərbiyyəvi funksiyaları da yerinə yetirir. Kiçik sahibkarlıq ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır, sağlam rəqabət mühitinin formalaşmasına, yeni iş yerlərinin açılmasına, yerli xammal resurslarından və istehsalat tullantılarından səmərəli istifadə edərək istehlak bazarını əmtəə və xidmətlərlə doldurulmasına səbəb olur. Kiçik biznes subyektləri bazar konyukturunun dəyişilməsinə operativ reaksiya verir, milli iqtisadiyyata mobillik və çeviklik gətirir, həmçinin çox da böyük məbləğdə olmayan sərmayə qoyuluşu hesabına istehlakçıların daim artan tələbatına uyğun geniş çeşidli məhsullar istehsal edirlər.

Təranə Əliyeva qeyd edib ki, sahibkarlıq fəaliyyətində səmərəli nəticələrin əldə edilməsində yeni texnologiyaların tətbiqi ilə yanaşı vergi mexanizmlərinin təkmilləşdirilməsinin və stimullaşdırıcı rolunun artırılmasının mühüm əhəmiyyəti vardır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir.

Təranə Əliyeva bildirib ki, ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri üzrə Vergi Məcəlləsinə dəyişikliklər edilib. Kölgə iqtisadiyyatının miqyasının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən özəl sektorda çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, malların sənədsiz dövriyyəsinə, xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, bir sıra sahələrdə vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır.

Sonra seminarın gedişində “İqtisadiyyat” kafedrasının baş müəllimi Arif Tağıyev, dosent Emiliya Hüseynova, “Humanitar fənnlər” kafedrasının müdiri, dosent Esmira Cəfərova, “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, dosent Nüşabə Qədimli, “İqtisadiyyat” kafedrasının baş müəllimi Günəş Şəfaqətov, i.f.d. Ruhiyyə Hüseynova məruzələr ətrafında müzakirələr aparıblar.  

Sonda çıxış edən rektor Akif Hacıyev müzakirələrdən razı qaldığını və təklifləri bir daha təhlil və müzakirə edərək müvafiq icra orqanlarına göndərilməsini təklif edib. 

{phocagallery view=category|categoryid=150|limitstart=0|limitcount=0}