MDU-da seminar: “Ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil enerji sisteminin yaradıcısıdır”

2023-cü il martın 15-də Mingəçevir Dövlət Universitetində (MDU)  “Heydər Əliyev İli”nə həsr olunmuş “Ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil enerji sisteminin yaradıcısıdır” mövzusunda elmi-praktik seminar keçirilib. MDU-nun Energetika kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda Mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı, dosent Almaz  Əliyeva Azərbaycanda energetika sənayesinin inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Dahi şəxsiyyətin müəyyən etdiyi energetika siyasətinin hazırda ölkəmizdə uğurla davam etdirilməsindən söhbət açan A.Əliyeva müasir dövrdə Azərbaycanın enerji potensialının ildən-ilə artmasını və enerji müstəqilliyinin güclənməsini buna bariz nümunə kimi diqqətə çatdırıb və konfransın əhəmiyyətini vurğulayıb.

Sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun Energetika kafedrasının əmkdaşlarından Əbülfət Ədilov “Buxar-qaz turbin qurğularının tətbiqi perspektivləri”, Səadət Şıxəliyeva “Azərbaycanın uğurlu enerji siyasəti”, Mühəndislik fakültəsinin tələbələrindən Xumar Alxasova “Yaşıl enerjiyə yaşıl işıq” və İlkin Məhərrəmli “Ofşor külək elektrik stansiyaları” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.