MDU “Gələcək üçün Bacarıqlar” layihəsində uğurla təmsil olunub

  • Рубрика записиMDU xəbərləri

2023-cü il iyulun 5-də Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaş və tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən reallaşdırılan “Gələcək üçün bacarıqlar” (GÜB) layihəsi çərçivəsində “100 illiyin gələcəyi” adlı tədbirdə iştirak edib.

İnnovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi məqsədi daşıyan layihənin tədbiri Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Tədbir çərçivəsində Öncə I və II Tusi İnkubasiya proqramlarının startaplarının təqdimatı baş tutub. Finala çıxan 19 startap ideyasından 2-i MDU-nun tələbələri tərəfindən təqdim olunan “Smart Dedection” və “Gantlet”dir. “Smart dedection” startap ideyasında təqdim olunan ağıllı saatlar əsasən şaxtalarda işləyən və zəlzələ zonasında yaşayanlar üçün nəzərdə tutulub. “Gantlet” startap ideyası isə əsasən eşitmə və danışma əngəlli şəxslər üçün  təklif edilir. Təqdim olunan ideyalar tədbirin təşkilatçıları, qonaqlar və münsiflər heyəti tərəfindən maraqla qarşılanıb.

Sonra, təqdim olunan startaplar münsiflər heyəti tərəfindən qiymətləndirilib və  qalib komandalar mükafatlandırılıblar.

Daha sonra, tədbir çərçivəsində Emin Əmrullayev və Bəxtiyar Aslanbəyliyə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı, həmçinin, innovasiya ekosisteminə dəstək olan universitet rektorlarına isə “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Sonda “Gələcək üçün Bacarıqlar” layihəsinin mentoru kimi formalaşmış universitet əməkdaşlarına sertifikatları təqdim olunub.

İştirakçılar tərəfindən maraqla qarşılanan tədbirdə xatirə fotoları çəkdirilib.

​​Qeyd edək ki, ümumilikdə layihəyə 2000-dən çox tələbənin 181 startap ideyası təqdim olunub. Finala çıxan 19 startap ideyasından 2-i MDU-nun tələbələri tərəfindən təqdim olunub.