Mingəçevir Dövlət Universiteti Latviya universitetləri ilə əməkdaşlıq edəcək (Azərbaycan qəzeti)

  • Рубрика записиAzərbaycan qəzeti

“Azərbaycan qəzeti”, 16.03.2024
Qəzetin PDF versiyası

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari ilin 4-8 mart tarixlərində Latviyada xidməti səfərdə olub. Əsas məqsəd Latviyanın müvafiq ali təhsil müəssisələri ilə MDU arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasıdı.
Latviyanın RISEBA Tətbiqi Elmlər Universitetinin rəsmi dəvəti əsasında reallaşan səfər çərçivəsində Ş.Bayramov sözügedən universitetin rektoru, prorektorları, dekanları və digər rəhbər heyət üzvləri ilə görüşlər keçirib. Universitetlər arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətraflı müzakirə edilib. Ş.Bayramov RISEBA Universitetinin elmi-pedaqoji potensialı və müasir infrastrukturu ilə yaxından tanış olub.
Müzakirələrdən sonra MDU ilə RISEBA Universiteti arasında anlaşma memorandumu imzalanıb. Rektorlar Ş.Bayramov və Lucija Rutka tərəfindən imzalanan memorandum universitetlər arasında tələbə, magistrant, müəllim və inzibati heyət üzvlərinin mübadiləsini, ortaq elmi tədqiqatların aparılmasını, birgə elmi konfrans və forumların keçirilməsini, ikili diplom proqramlarının yaradılması imkanlarının araşdırılmasını və digər birgə fəaliyyətlərin reallaşdırılmasını nəzərdə tutur.

Səfər çərçivəsində Ş.Bayramov RISEBA Universitetinin  təşkilatçılığı və evsahibliyi, MDU və digər bir neçə xarici universitetin tərəfdaşlığı ilə “Gələcəyin mənzərəsi 2024: cəmiyyətlərin dayanıqlı inkişafı naminə xalqlar arasında körpü” (“FutureScape 2024: Bridging nations for sustainable development of societies”) mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edib. Konfransın açılış mərasimində giriş nitqi söyləyən Ş.Bayramov birgə konfransın aktual mövzuya həsr olunduğunu vurğulayıb, tədbiri dayanıqlı inkişaf sahəsində məhsuldar elmi müzakirələrin aparılması və yeni tədqiqat istiqamətlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirib. Konfransda 10-dan çox ölkəni təmsil edən alimlərin “yaşıl iqtisadiyyat”, rəqəmsal transformasiya, süni intellekt, əmək bazarı və digər əhəmiyyətli mövzularda maraqlı məruzələri dinlənilib. Ş.Bayramov konfransda “Dayanıqlı inkişaf: konseptual mahiyyəti, reallıqlar və təcrübələr” mövzusunda məruzə edib. Hibrid formatda keçirilən konfransa məsafədən qoşulan AHBVU-nun MDU-da fəaliyyət göstərən qonaq professoru Evren Güçerin “Ali təhsil müəssisələrində “yaşıl kampus” yanaşması: reallıqlar, çağırışlar və həllər” və MDU-nun kafedra müdiri Mehdi Rəhimovun “Dayanıqlı inkişaf və yeni nəslin ehtiyacları kontekstində modern kurrikulum hazırlığı” adlı məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Ş.Bayramov səfər çərçivəsində RISEBA Universitetinin tələbələri üçün ustad dərsi verib. “Müasir dünya iqtisadiyyatı: yeni trendlər və əsas çağırışlar” mövzusunda keçirilən dərs tələbə və müəllimlərin böyük marağına səbəb olub.

Latviyaya səfəri çərçivəsində Ş.Bayramov bu ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Riqa Texniki Universitetinin rektoru Talis Juhna ilə də görüşüb. Görüşdə hər iki universitetin strateji hədəfləri, mövcud kadr hazırlığı istiqamətləri və tədqiqat potensialı barədə məlumat mübadiləsi aparılıb. Birgə fəaliyyət imkanları müzakirə edilib, əməkdaşlığın yaradılmasını nəzərdə tutan bir sıra məsələlər barədə ilkin razılıq əldə olunub.

RISEBA Universitetində və Riqa Texniki Universitetində keçirilən görüşlərdə Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyinin birinci katibi Bəxtiyar Musayev da iştirak edib.
Səfər çərçivəsində Latviyanın flaqman ali təhsil müəssisəsi hesab olunan Latviya Universitetinin yeni seçilmiş rektoru Gundars Berzins ilə də görüş keçirilib. Ş.Bayramov görüşdə Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfiri Elnur Sultanovla birlikdə iştirak edib. Görüşdə Azərbaycanla Latviya arasındakı strateji əməkdaşlığın davamlı inkişaf etməsi vurğulanıb, ikitərəfli münasibətlərin ümumi məzmununda ali təhsil sahəsində işbirliyinə xüsusi əhəmiyyət verilməsi diqqətə çatdırılıb. MDU ilə Latviya Universiteti arasında potensial əməkdaşlıq imkanlarına dair məhsuldar müzakirələr aparılıb, növbəti mərhələdə atılacaq birgə addımlar barədə ilkin razılıq əldə olunub.
Latviyaya səfər müddətində rektor Ş.Bayramov Rezekne şəhərində yerləşən Rezekne Texnologiyalar Akademiyasını da ziyarət edib və bu ali təhsil müəssisəsinin rektoru İveta Mietule ilə görüşüb. Mühəndislik və təhsil istiqamətləri üzrə ixtisaslaşan bu region universiteti ilə MDU arasında birgə fəaliyyət imkanları yüksək dəyərləndirilib.
Məhsuldar keçən Latviya səfərinin hazırda modernləşməkdə olan MDU-nun beynəlxalq əlaqələrinin inkişafına mühüm töhfələr verəcəyi gözlənilir.

Ü.XASPOLADOVA,
“Azərbaycan”