MDU-da Xalq artisti Valeh Kərimov ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Xarici dillər kafedrasının təşkilatçılığı ilə Xalq artisti, aktyor və Mingəçevir Dövlət Dram Teatrında (MDDT) quruluşçu rejissoru Valeh Kərimovun gənclərlə görüşü təşkil olunub. Görüşdə MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak edib.

Qonağı salamlayan MDU-nun Xarici dillər kafedrasının müdiri, dosent Mehdi Rəhimov dəvəti qəbul edib gəldiyi üçün V.Kərimova minnətdarlığını bildirib.

MDU-nun Xarici dillər kafedrasının müəllimi Xədicə Əliyevanın aparıcılığı ilə öncə sənətkarın səhnə fəaliyyətinə, yaratdığı obrazlara dair videoçarx nümayiş olunub.

Sonra Valeh Kərimovun həyat və yaradıcılığı haqqında məlumat verilib, rol aldığı filmlərdən videoçarxlar təqdim olunub.

Sevilən sənətkar çıxış edərək MDU kollektivinin səmimi dəvətinə görə təşəkkürünü bildirib, görüşdən məmnunluğunu ifadə edib O, iştirakçıların arzusu qarşılığında həyatının yaddaqalan məqamları, aktyorluq sənətinə gəlişi və oynadığı rollarından bəhs edib.

Bir neçə ildir MDDT-da quruluşçu rejissor kimi fəaliyyət göstərən sənətkar teatrın aktyorları ilə birlikdə nümayiş etdirdiyi kiçik səhnələrlə tədbirə rəng qatıb.

Sonda Xalq artisti iştirakçıları maraqlandıran sualları cavablandırıb və birlikdə xatirə şəkli çəkdirilib.