Mingəçevir Dövlət Universitetində beynəlxalq təcrübə paylaşımı çərçivəsində ustad dərsi keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir pedaqoji yanaşmaların tətbiqinin genişləndirilməsi və gələcək müəllim kadrların peşəkar kompetensiyalarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlər davam etdirilir.

Bu çərçivədə Səmərqənd Dövlət Universitetinin Pedaqogika və ümumi psixologiya kafedrasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Sulaymanova Dildora Nazarovna tərəfindən “Peşəkar səriştənin inkişafında pedaqoji texnikanın rolu” mövzusunda ustad dərsi təşkil olunub. Dərs DƏ24 və T24 qruplarında “Pedaqogika-1” fənni çərçivəsində keçirilib.

Ustad dərsində pedaqoji texnika anlayışının mahiyyəti və struktur komponentləri, müəllimin nitq mədəniyyəti, jest və mimikadan səmərəli istifadə, auditoriyanın idarə olunması, tələbələrlə effektiv kommunikasiya bacarıqlarının formalaşdırılması kimi mühüm məsələlər elmi-praktik əsaslarla geniş şəkildə izah olunub. Bununla yanaşı, müasir təlim texnologiyalarının tətbiqi və interaktiv metodların – müzakirə, sual-cavab və situasiya təhlili kimi yanaşmaların rolu xüsusi vurğulanıb.

Təqdim olunan nəzəri biliklər praktik nümunələrlə zənginləşdirilərək real pedaqoji situasiyalar üzərində təhlillər aparılıb. Bu yanaşma tələbələrin mövzunu daha dərindən mənimsəməsinə və əldə etdikləri bilikləri praktik müstəvidə tətbiq etmələrinə şərait yaradıb.

Dərs zamanı müəllimlik peşəsinin mahiyyəti və pedaqoqun şəxsi keyfiyyətləri ilə bağlı müzakirələr də aparılıb. Qeyd olunub ki, müasir müəllim yalnız bilik ötürən deyil, eyni zamanda istiqamətverici, motivasiyaedici və tərbiyəedici funksiyaları yerinə yetirən şəxsdir. Müəllimin yüksək nitq mədəniyyətinə malik olması, etik davranış qaydalarına riayət etməsi, obyektiv və ədalətli yanaşması, tələbələrə fərdi münasibət göstərməsi vacib peşəkar keyfiyyətlər kimi qeyd edilib.

Eyni zamanda, pedaqoqun davamlı olaraq öz üzərində işləməsi, yeniliklərə açıq olması, müasir pedaqoji və psixoloji yanaşmaları mənimsəməsi, rəqəmsal texnologiyalardan səmərəli istifadə etməsi və peşəkar inkişafını fasiləsiz şəkildə davam etdirməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Auditoriyada müsbət psixoloji mühitin yaradılması, tələbələrin fəallığının stimullaşdırılması və onların yaradıcılıq potensialının üzə çıxarılması da peşəkar səriştənin əsas göstəriciləri kimi təqdim olunub.

Yüksək təşkilatçılıq səviyyəsi və interaktivliyi ilə seçilən ustad dərsində tələbələr fəal iştirak edərək mövzu ətrafında fikir mübadiləsi aparıb, müxtəlif pedaqoji yanaşmalar üzrə müzakirələrdə iştirak ediblər. Bu isə onların analitik düşünmə, müstəqil qərarvermə və pedaqoji situasiyalara yaradıcı yanaşma bacarıqlarının inkişafına müsbət təsir göstərib.

Qeyd olunmalıdır ki, pedaqoji texnika müəllimin peşəkar səriştəsinin əsas tərkib hissələrindən biri olmaqla təlim-tərbiyə prosesinin effektivliyini təmin edən mühüm amillərdəndir. Bu baxımdan keçirilən ustad dərsi tələbələrin gələcək pedaqoji fəaliyyətə hazırlığının gücləndirilməsi və onların peşəkar dünyagörüşünün formalaşdırılması baxımından əhəmiyyətli rol oynayıb.

Ümumilikdə, ustad dərsi həm nəzəri, həm də praktik baxımdan yüksək səviyyədə təşkil olunaraq iştirakçılar tərəfindən maraqla qarşılanıb və pedaqoji biliklərin təkmilləşdirilməsinə mühüm töhfə verib.