Mingəçevir Dövlət Universitetində Dayanıqlı Universitet Modeli və İnstitusional Keyfiyyət Mövzusunda Maarifləndirici Görüş Keçirilib

  • Рубрика записиMSU News

Mingəçevir Dövlət Universiteti-də universitetin struktur rəhbərləri üçün “Kampus Dayanıqlılığı və İnstitusional Keyfiyyət” mövzusunda maarifləndirici təlim təşkil olunub. Təlim universitetin Keyfiyyət Təminatı və Akkreditasiya şöbəsinin müdiri Azad Mirzəbəyov tərəfindən keçirilib.

Təlim universitetdə dayanıqlı inkişaf prinsiplərinin təşviqi, “yaşıl kampus” yanaşmasının gücləndirilməsi və institusional keyfiyyət mədəniyyətinin formalaşdırılması məqsədilə təşkil olunub. Qeyd olunub ki, son dövrlərdə universitetdə enerji səmərəliliyi, ekoloji maarifləndirmə, tullantıların idarə olunması, sosial məsuliyyət və dayanıqlı idarəetmə istiqamətində həyata keçirilən təşəbbüslər universitetin dayanıqlılıq sahəsindəki fəaliyyətinin mühüm göstəricilərindəndir.

Tədbir çərçivəsində kampus dayanıqlılığı anlayışı, beynəlxalq “yaşıl universitet” modelləri, dayanıqlı inkişaf məqsədlərinin ali təhsil müəssisələrində tətbiqi və universitetlərin beynəlxalq reytinq sistemlərində dayanıqlılıq göstəricilərinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir ali təhsil müəssisələrində keyfiyyət təminatı yalnız akademik göstəricilərlə məhdudlaşmır, eyni zamanda ekoloji, sosial və idarəetmə prinsiplərini də əhatə edir.

Təlim zamanı universitetin strateji inkişaf istiqamətlərində dayanıqlılıq indikatorlarının rolu, daxili keyfiyyət təminatı sistemlərinin təkmilləşdirilməsi, resurslardan səmərəli istifadə və ekoloji məsuliyyətin artırılması ilə bağlı məsələlər müzakirə olunub.

İnteraktiv formatda keçirilən təlimdə struktur rəhbərləri tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb, universitetdə dayanıqlı və keyfiyyət yönümlü idarəetmə modelinin inkişaf etdirilməsi istiqamətində təkliflər səsləndirilib.