2026-cı il mayın 26-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunan “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turu keçirilib.
Olimpiadanın seçim mərhələsində respublikanın müxtəlif ali təhsil müəssisələrini təmsil edən 352 tələbə iştirak edib. İştirakçılar vergi sistemi və vergi qanunvericiliyi üzrə hazırlanmış test suallarını cavablandıraraq bilik və bacarıqlarını nümayiş etdiriblər.
Mingəçevir Dövlət Universitetindən olimpiadada 27 tələbə iştirak edib. Seçim turunun nəticələrinə əsasən universitetin 5 tələbəsi yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsində MDU-nu aşağıdakı tələbələr təmsil edəcəklər:
- Namiq Qədimli
- Fərid Mehdizadə
- Təranə Nağıyeva
- Aysun Nəsirova
- İlkin Quluzadə
Qeyd edək ki, seçim turunda 50-dən yuxarı ən yüksək nəticə göstərən tələbələr final mərhələsinə vəsiqə əldə ediblər. Olimpiadanın final mərhələsinin 12-14 iyun 2026-cı il tarixlərində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında keçirilməsi nəzərdə tutulur.
“Vergilər” mövzusunda ümumrespublika olimpiadasının keçirilməsində əsas məqsəd tələbələr arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, vergi sahəsinə marağın artırılması, həmçinin bu istiqamətdə bilik və bacarıqların inkişaf etdirilməsidir.
MDU ailəsi adından final mərhələsinə vəsiqə qazanan tələbələrimizi təbrik edir, onlara növbəti mərhələdə uğurlar arzulayırıq.