Mingəçevir Dövlət Universitetində Dövlət Turizm Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Dövlət Turizm Agentliyinin

nümayəndəsi ilə görüş keçirilib

 

Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin məsul nümayəndəsi Hüseyn Məmmədovla universitetdə “Turizm və otelçilik” ixtisası üzrə təhsil verən pedaqoji heyətin və təhsil alan tələbələrin görüşü keçirilib. Mingəçevir Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Rövşən Əliyev tədbir iştirakçılarına universitet rəhbərliyinin salamlarını yetirib və tədbirin işinə uğurlar arzulayıb.  

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin məsul nümayəndəsi Hüseyn Məmmədov qrumun yaranması tarixi barədə ətraflıməlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Hüseyn Məmmədov bildirib ki, agentlik turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, turizm sahəsində normayaratma fəaliyyətinin icrası, dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, turizmin inkişafı məqsədi ilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, habelə fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək, qoruqların ərazilərindən məqsədyönlü istifadəni təşkil etmək və onların qorunub saxlanılmasını təmin etmək, milli kulinariya nümunələrinin qorunmasını və təbliğini təmin etmək istiqamətində fəaliyyət göstərir.

H.Məmmədov qeyd edib ki, agentlik öz fəaliyyətini turizm sənayesinin bütün üzvlərinin prosesə cəlb olunması, daha uzunmüddətli inkişaf üçün araşdırma və statistikanın yaxşılaşdırılması, müvafiq sahəyə aid dövlət proqramlarını və inkişaf konsepsiyalarını hazırlanması, əsas turizm bazarlarının müəyyənləşdirilməsi məqsədi ilə bazar araşdırmaları aparılması, müvafiq ölkə və regionlardan turistlərin cəlb edilməsi üçün təbliğat-təşviqat tədbirlərinin icrası, regionların və ayrı-ayrı şəhərlərinin marketinq və kommunikasiya planlarını hazırlamaq və icrasının təmini, turizm təhsilinin inkişaf etdirilməsi, turizmdə innovasiyalar və müasir texnologiyaların imkanlarından maksimum istifadə edilməsi, dövlət-özəl biznes əməkdaşlığının genişləndirilməsi, infrastruktur layihələriylə bağlı yeni inkişaf planlarının hazırlanıb icra olunması, turist məmnunluğunun artırılması, turistlərin qalma müddətinin uzadılması və mövsümiliyin aradan qaldırılması üçün yeni turizm məhsullarının işlənib hazırlanması, ölkəmizin tanıdılması üçün əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması kimi prioritet sahələr üzrə qurur.

Agentlik rəsmisi qeyd edib ki, Azərbaycan höküməti ölkəyə investisiyaların cəlb olunması və dövlət təftişlərinin sadələşdirilməsi yolu ilə turizmin inkişafı üçün ən uyğun şərait yaratmağı hədəf qoymuşdur. Bildirib ki, turizm sahəsində əməkdaşlığın aparıldığı ölkələrlə müxtəlif istiqamətlər üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə dövlətlərarası və beynəlxalq təşkilatlarla sazişlər və müqavilələr bağlanmışdır. Turizm sahəsi üzrə 1992-ci ildən bu günədək 23-ü hökumətlərarası olmaqla 28 Saziş, 10 Anlaşma Memorandumu, 2 protokol imzalanmışdır. Hüseyn Məmmədov bildirib ki, sözügedən sənədlərin icrasının həyata keçirilməsi ilə bağlı tədbirlər proqramı hazırlanaraq təsdiq olunmuş, qarşı tərəflərlə görüşlər təşkil olunaraq əməkdaşlıq perspektivləri müzakirə edilmiş, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən əməkdaşlıq tədbirləri həyata keçirilməyə başlanmışdır. Agentliyin turizm strategiyasına uyğun olaraq 2018-ci ilin sonlarında 6 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri fəaliyyətə başlamışdır. Almaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Hindistan və Rusiyada açılmış nümayəndəliklər fəaliyyət göstərdikləri ölkə və region üzrə Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları, təbliğat materiallarının hazırlanması və yayımlanması, təlimlərin keçirilməsi və s. kimi istiqamətlər üzrə fəaliyyət göstərirlər.

H.Məmmədov vurğulayıb ki, rəsmi turizm nümayəndəliklərinin ölkəmizə aid seminarların, eləcə də yerləşdiyi regionlardakı və Azərbaycandakı turizm və səyahət şirkətlərinin əməkdaşlıq etməsi üçün görüşlərin təşkil edilməsi, Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunmasına dəstək verilməsi və koordinasiya işlərini həyata keçirərək ikitərəfli əlaqələrin stimullaşdırılmasına xidmət etməsi nəzərdə tutulmuşdur.

Agentlik rəsmisi Destinasiya Menecmenti Təşkilatları haqqında da məlumat verib və bildirib ki, Destinasiya Menecmenti Təşkilatları regionların turizm potensialını daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə yeni idarəetmə modeli olaraq fəaliyyət göstərəcək. Həmçinin qeyd olunan təşkilatlar yerli səviyyədə dövlət, özəl sektor və əhali arasında əlaqələrin qurulması və insan resurslarının inkişaf etdirilməsi və standartların hazırlanmasına xidmət edəcək. O, hazırda Şəki, Quba və Qusar rayonları üzrə də belə bir təşkilatın fəaliyyət göstərdiyini qeyd edib, həmçinin cənub bölgəsində Lənkəran, qərb bölgəsində isə Gəncə şəhərində Destinasiya Menecmenti Təşkilatının fəaliyyətə başlayacağını açıqlayıb.

Sonra Dövlət Turizm Agentliyinin məsul nümayəndəsi Hüseyn Məmmədov tələbələrlə bir başa ünsiyyət qurmaq üçün tribunadan enərək tələbələrə yaxınlaşıb, onlarla sorğu keçirib, tələbələrin nəzəri bilik və bacarıqları barədə informasiya toplamağa çalışıb. Universitetin professor-müəllim və tələbə heyəti onları maraqlandıran sualları Hüseyn Məmmədovla bölüşüblər.

Sonda tələbələrə sorğu anketləri paylanılıb və onlar haqqında informasiya alınıb.

Tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.

{phocagallery view=category|categoryid=225|limitstart=0|limitcount=0}